Sabah Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası (U-21) 2017-ci il Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri mübarizəni Finlandiyadan olan həmyaşıdlarına qarşı səfər matçı ilə başa vuracaq. Helsinkidəki görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Əslində, yığmamızın qrupunda mübarizəyə oktyabrın 11-də yekun vurulacaq. Ancaq Azərbaycan digər rəqiblərindən 1 oyun çox keçirdiyindən, mübarizəni erkən başa vuracaq.
Finlandiya və Azərbaycanın U-21 yığmaları turnir cədvəlində qonşudurlar. Sadəcə, finlər həm yığmamızdan 1 oyun az keçirib, həm də onu 4 xal qabaqlayır. Deməli, 9 oyundan 8 xalı olan Yaşar Vahabzadənin komandası rəqibinə qalib gəlsə belə, ona çata bilməyəcək. İndi millimiz bütün diqqətini hazırda qərarlaşdığı 4-cü pilləni qorumağa yönəldib. Ancaq bu da çətin olacaq. Çünki Azərbaycanla eyni xala malik, şəxsi oyuna görə ondan geri qalan Rusiyanın da 2 matçı qalıb.
İstənilən halda, U-21 yığmamız sabahkı matçda tarixi nəticə qazana bilər. Məsələ ondadır ki, bu yaş qrupundan ibarət millimizin seçmə mərhələlərdə ən çox xalı 9 olub. Deməli, Yaşar Vahabzadənin yetirmələri heç-heçə edərsə, həmin rekorda şərik olacaq. Onda da 6 komandalı qrupda çıxış etmiş Azərbaycan 2 qələbə qazanıb, 3 heç-heçə edib, 5 dəfə uduzub. Bu, 2001-ci ildə Əsgər Abdullayevin baş məşqçiliyi dövründə qazanılıb. 21 yaşlılarımız Finlandiyada qalib gələrsə yeni rekord müəyyənləşdirmiş olacaq.
Xatırladaq ki, Finlandiya ötən il oktyabrın 13-də "Dalğa Arena"da Azərbaycana 1:0 hesabı ilə qalib gəlib.