"Oyuna çox ciddi hazırlaşmışdıq. Çətin matç oldu. Bizə vacib olan 3 xalı qazandıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Ağabala Ramazanov 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveç yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.
Gənc hücumçu bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib: "Bütün Azərbaycan xalqını sevindirdik. Norveçlilər bizə yuxarıdan aşağı baxırdılar və cavablarını aldılar. Çox əzmkar oyun nümayiş etdirərək, qalib gəldik. İndi Çexiyaya yollanırıq. Çalışacağıq ki, ordan da ən yaxşı nəticə ilə Vətənə dönək".
Ağabala müdafiədə komandaya çox xeyir verdiyini düşünür: "
Deməzdim ki, matçda o qədər səhv etdim. Oyunumuzun çox hissəsi müdafiədən idi. Ola bilər ki, müdafiədən hücuma keçəndə hardasa anlaşılmazlıqlarımız olurdu. Meydanda 60 metr qaçırdıq və bu zaman 2-3 futbolçunu keçmək asan deyil. Qolda da Maksim Medvedevə ötürməni mən verdim. Oyunumuz elə qurulmuşdu ki, daha çox müdafiə olunaraq əks-hücumlara keçməli idik. Ən çox da mən tərəfdən - sağ cinahdan hücuma çıxırdıq. Ona görə də yük daha çox mənim üzərimə düşürdü".
Ramazanov Bakı Olimpiya Stadonunun qazonunun vəziyyətinə də toxunub: "Ot çox yumşaq idi. İstəyirsən dəmir "şipli" butsu gey, istəyirsən başqasını, fərqi yox idi. Yenə də adam sürüşürdü".
Hücumçu AFFA prezidenti Rövnəq Abdullayevin oyundan sonra onlarla görüşərək qələbə münasibətilə təbrik etdiyini söyləyib: "Bizə uğurlar arzuladı. Dedi ki, Çexiya gəlib orda da sizi dəstəkləyəcəyəm".
Xatırladaq ki, Çexiya - Azərbaycan matçı oktyabrın 11-də keçiriləcək.