Mehman SÜLEYMANOV
"Neftçi”nin halına acımamaq olmur. Bu mövsüm nə qədər zəif çıxış etsə də, hazırda autsayderlər sırasında olsa da, fakt dəyişmir. "Neftçi” ən böyük tarixə malik klub olaraq qalır, necə deyərlər, futbolumuzun ağsaqqalıdır. Uzun illər Azərbaycan futbolu məhz bu komanda ilə tanınırdı, onun siması idi. Ancaq rənglərinə uyğun tale yaşayır "ağ-qaralar”.
Halbuki, bu il, gələn il onun üçün əlamətdardır. SSRİ çempionatında qazandığı yeganə mükafatın – bürünc medalın 50 illik yubileyinə lap az qalıb. Gələn il isə "Nefçi”nin özünün yaranmasının 80 illik yubileyi olacaq. Belə bir əlamətdar hadisələrin yaıxnlaşdığı bir vaxtda gözəl günlərini yaşamalıdır "Neftçi”. Ancaq yaşaya bilmir, bədlik basıb üstünü. 1992-cü ildən keçirilən bütün milli çempionatlarımızın iştirakçısı, ən əsası, ən titullu klubumuz olan "Neftçi" indi turnir cədvəlində sondan əvvəlki pillədə qərarlaşıb, heç cür bu zirzəmidən çıxa bilmir. Rəhbərlik də dəyişir, baş məşqçilər də, heyət də. Ancaq bu, müsbət nəticə vermək əvəzinə vəziyyət daha da pisləşir.
Məğlubiyyətlər azmış kimi, nə neqativ şeylər - qırmızı vərəqələr, avtoqollar var, hamısı gəlib "Neftçi”ni tapır. Özü də legionerlərin sayəsində. Yerli futbolçulardan üstün olduqlarına görə dəvət olunan əcnəbilər elə bir "üstünlük” göstərirlər ki, gəl, görəsən. Braziliyalı müdafiəçi Jayro Rodriges ötən mövsüm intizamsızlığı ilə yadda qalırdı, ən çox qırmızı vərəqə alan (3 dəfə) futbolçu kimi antirekordçu oldu. İndisə istiqamətini dəyişib, başlayıb topu öz qapısına vurmağa. Yenə də komandasına zərbə vurur. Ancaq əslində, dəqiq zərbəni rəqib qapısına vurmaq lazımdır.
Dəqiq zərbə vurmaq işi daha çox hücumçuların vəzifəsidir. Bunun üçün komandaya yeni mövsümdən Katalin Tiranı dəvət ediblər. Futbol ölkəsi sayılan Rumıniyadandır, cəmi 22 yaşı var, hazırkı mövsümün ən gənc legionerlərindəndir. Deməli, böyük enerji sahibi kimi komandaya çox sayda fayda verə bilər. Ancaq o, əvəzində nə edir? Enerjisini özünə zərər vuran şeylərə sərf edir.
Gəlin, Tiranın faydalı iş əmsalına baxaq - 9 tura cəmi 1 qol. Onu da 90+2-ci dəqiqədə kobud səhv sayəsində. Canı sağ olsun "Kəpəz”in litvalı qapıçısı (o da legioner ha) Tadas Simaitisin. Qapını qoyub çıxdı qabağa, Tiraya da yalnız boş qalan "çərçivə”ni dəqiq nişan almaq qaldı. Yəni, qolda daha çox rəqibin əməyi oldu.
Taleyin işinə bax, "Neftçi” məhz Katalinin oktyabrın 1-də vurduğu həmin qoldan sonra rəqib qapısına yol tapa bilmir. Bu, 3 həftədən artıqdır. "Neftçi” azarkeşləri Tiradan "Qarabağ”la matçda da qol gözləyirdilər. Ancaq sən saydığını say, gör Katalin nə sayır. O, zərbəni rəqib qapısına vurmaq əvəzinə azarkeşi vurdu. Özü də elə üzərinə cumdu ki, elə bil yüz ilin düşməni imiş, köhnədən haqq-hesabı varmış.
Bu, elə bir olaydır ki, birmənalı fikir yürütmək olmur. Burda azarkeşin də günahı var, onu gözdən qaçıran təhlükəsizliyin də, polis işçilərinin də. Yəni, tək günahkar rumıniyalı olmasa belə, əsas günahkar məhz odur. Ay Tira, sənin zərbələrin ən pis halda qapı tirini tapmalıdır, azarkeşi yox.
"Neftçi”sevərləri də başa düşmək olar. Axı nə qədər məğlubiyyət acısı dadsınlar? "Evləri köndələn yar” tamaşasında "Neftçi yenə uduzdu” kəlməsi bu mövsüm üçün dillər əzbərinə çevrilib.
Mənim üçün ən ağrılı məqam haqlarında söz açdığım legionerlərin, əsas da Tiranın daşıdığı nömrələrlə bağlıdır. O, əsl hücumçuya xas, "Neftçi” üçün müqəddəs sayıla bilən, nəinki onun, futbolumuzun tarixində ən yaxşı oyunçulardan olmuş Anatoli Banişevskinin "9 nömrə”sini geyir. Görün çatlasın ay Banişevski. Gör, sənin sadiq qaldığın klubda səni məşhurlaşdıran "9 nömrə"nin indiki sahibi nələr edir! Sən də milliyyətcə azərbaycanlı deyildin, amma buranın suyunu içir, çörəyini yeyirdin, buna naxələf çıxmadın. Sən öz oyunun, meydanda, ondan kənarda da davranışlarınla azarkeşlərin sevimlisi idin, başına and içirdilər. Ancaq indi "Neftçi”nin "9 nömrə”si azarkeşə yumruq atır, onu döyməyə çalışır, əlindən güclə alırlar. Yaxşı ki bizim Tolik bu günləri görmədi, yoxsa elə buna baxaraq ürəyi tutub ölərdi. Nə faydası, indi məzarda sümükləri sızıldayır.
Yaxud götürək Jayronu. Onda da nömrəsi ampluasına uyğundur – 3. Bu nömrəni isə "Neftçi”nin tarixində ən yaxşı, SSRİ çempionatında ən çox oyun keçirən futbolçulardan, müdafiəçilərdən biri daşıyırdı - Əsgər Abdullayev. O, rəqibləri üçün keçilməz müdafiəçi kimi, etibarlılığı, intizamı ilə əsl nümunə idi. Ancaq "Neftçi”nin indiki "3 nömrə"si nəinki rəqibləri üçün asan "yemdir”, hələ bir özü öz qapısına qol vurmaqla onlara kömək olur. Hələ qırmızı vərəqələrini demirik. Heyf o "3 nömrə"dən, heyf o "9 nömrə"dən. "Neftçi” üçün qəhrəman olmuş bu nömrənin indiki sahibləri antiqəhrəmanlardır....