Sportnet.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "Yubilyar Azərbaycan millisi" layihəsində növbəti silsilə yazılarına başlayır. İlk yazı Azərbaycan milli komandasının 1992-2006-cı illərdə keçdiyi yola rəqəmlərin dili ilə baxılmasına dairdir.
25 illik yubileyin şərəfinə
2017-ci il milli komandamız üçün xüsusi bir ildir. Çünki əsas yığmamız bu ilin sentyabrın 17-də 25 illik yubileyini qeyd edəcək. Millimiz ilk oyununu həmin gün keçirdiyindən, tarix o vaxtdan başlayır. Bu, 1992-ci ilin sentyabrın 17-də Gürcüstan yığmasına səfərdə 3:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşüdür. Bu əlamətdar olayı nəzərə alan Sportnet.az saytı qalib olduğu növbəti layihəni millimizin 25 illik yubileyinə həsr edib.
Əsas yığmamız 25 il ərzində 227 oyunda meydana çıxıb. Komandamız indiyədək 42 qələbə qazanıb, 62 dəfə heç-heçə edib, 123 məğlubiyyət alıb. Millimiz bu matçlarda 160 qol vurub, öz qapısında 384 top görüb.
AFFA 1994-cü ildə FİFA və UEFA-ya üzv olandan sonra milli komandamız seçmə mərhələlərdə çıxış etmək hüququ qazanıb. Hazırda mübarizə apardığımız 2018-ci il dünya çempionatının seçmə mərhələsi 12-ci tsikldir. Millimiz seçmə mərhələlərdə 112 oyun keçirib. Bu rəsmi matçların 12-də qalib gələn Azərbaycan 23 dəfə heç-heçə edib, 77 məğlubiyyət alıb. Yığmamız seçmə mərhələlərdə 57 dəfə rəqib qapılarına yol tapıb və 236 qol buraxıb.
Seçmə mərhələlərdə mütənasiblik bərabərdir. Avropa çempionatında 6 seçmə mərhələni (AVRO-1996, AVRO-2000, AVRO-2004, AVRO-2008, AVRO-2012, AVRO-2016) arxada qoyan millimiz dünya çempionatında 6-cı tsikldə (bunadək DÇ-1998, DÇ-2002, DÇ-2006, DÇ-2010, DÇ-2014) mübarizə aparır. Hazırda qrupda 3-cü yer alan yığmamız indiyədək nəinki final mərhələsinə, heç pley-offa vəsiqə qazanmayıb. Ən yaxşı nəticəmiz qrupda 4-cü yeri tutmaq olub - DÇ-2014.
Millimiz dünya çempionatından fərqli Avropa çempionatında artıq 6 seçmə mərhələni arxada qoyduğundan oyun sayı bunda daha çoxdur. Mundiala düşmək uğrunda 52 matç keçirən komandamız 6 qələbə qazanıb, 14 heç-heçə edib, 32 məğlubiyyət acısı dadıb. Topların fərqi 21-89-dur. Avropa çempionatının seçmə mərhələsində isə oyun sayımız 60-dır. Bu matçların 6-da qalib gələn milli komandamız 9 bərabərliyə qalıb, 45 dəfə məğlub olub, 36 qol vurub, 147 top buraxıb.
Yığmamızın qeyri-rəsmi oyunları yoldaşlıq görüşləri, beynəlxalq turnirlərdə keçirdiyi matçlardır və bunların sayı seçmə mərhələdən bir az çoxdur – 115 oyun. Bunun 30-da qalib gələn yığmamızın hesabında 39 heç-heçə, 46 məğlubiyyət var (topların fərqi 103-148).
Rekordçular "Qarabağ"ın baş məşqçisi ilə kapitanıdır
Millimiz 227 oyunda 218 futbolçunun xidmətindən yararlanıb. Ən son debütant Deniz Yılmazdır. "Bursaspor”un milliləşdirilən türkiyəli hücumçusu Şimali İrlandiya yığmasına Belfastda 0:4 hesabı ilə uduzduğumuz rəsmi oyunun fasiləsində meydana çıxıb. D.Yılmaz yığmamızda vətəndaşlığını dəyişərək milliləşdirilən legionerlərin sayını 46-ya çatdırıb. Qalan 172 futbolçu yerli futbolçudur.
Əsas yığmada ən çox oyun keçirən kapitanı Rəşad Sadıqovdur. "Qarabağ”ın 35 yaşlı mərkəz müdafiəçisi 2001-ci ildən şərəfini qoruduğu əsas yığmada 105 matç keçirib və 4 qol vurub. R.Sadıqov 100 oyun səddini keçən ilk və yeganə futbolçumuzdur. Onun 100-cü oyunu 2015-ci ildə İtaliya yığması ilə Bakı Olimpiya Stadionunda keçirilən matçda (1:3) olub ki, həmin matçdan öncə UEFA və AFFA rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Millimizin vurduğu 160 qola 53 oyunçu imza atıb. Ən son fərqlənən Maksim Medvedev olub. "Qarabağ”ın müdafiəçisi Norveç yığması ilə Bakı Olimpiya Stadionunda keçirilən matçda qələbə topunun müəllifi olub – 1:0. Azərbaycan hesabındakı 160 qoldan 3-də rəqiblərin avtoqoluna sevinib.
Milli komandamızın bombardiri M.Medvedevin "Qarabağ”dakı baş məşqçisi Qurban Qurbanovdur. Keçmiş hücumçu 68 oyunda 14 dəfə qol müəlliif olub. Q.Qurbanov 2005-ci ildə millimizdə çıxışını başa vursa da, ən sərrast oyunçular siyahısında hələ də əlçatmaz qalır.
Əhməd Ələsgərovdan Robert Prosineçkiyədək
Millimizdə ən böyükhesablı qələbəni AVRO-2000-də qazanıb ki, Qurbanov həmin oyunda da fərlqənib. Bu, 1999-cu ilin iyunun 5-də Lixtenşteyn yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 4:0 hesabı ilə qalib gəldiyimiz rəsmi matçdır. Yeri gəlmişkən, seçmə mərhələdə hələ ki başqa böyükhesablı qələbəmiz olmayıb. Bu, Əhməd Ələsgərovun baş məşqçisi dövründə qazanılıb. Millimiz ən böyükhesablı məğlubiyyətini isə daha öncə alıb və bu da qitə birinciliyinin seçmə mərhələsinə təsadüf edib. Bu, AVRO-1996-da "Oser faciəsi” – 1995-ci ilin sentyabrın 6-da Fransa yığmasına səfərdə 0:10 hesablı məğlubiyyətdir. Həmin vaxt baş məşqçi Ağasəlim Mircavadov olub.
Millimizin tarixində baş məşqçilər Əhməd Ələsgərovdan başlayaraq Robert Prosineçkiyədək davam edib. Onlardan Əlsəgərovla yanaşı, Ələkbər Məmmədov və braziliyalı Karlos Alberto Torres artıq dünyalarını dəyişiblər. Yeri gəlmişkən, braziliyalı dünya çempionu olan Torres ilk əcnəbi baş baş məşqçimiz kimi tarixə düşüb.
Ən uzunmüddətli baş məşqçimiz isə Berti Foqts olub ki, almaniyalı mütəxəssis 1998-ci ilin aprelindən 2014-cü ilin ilin oktyabrınadək bu postda olub. Rekord nəticələr də onun tam çalışdığı 3 seçmə mərhələdə olub. Bu, DÇ-2010-da 5, AVRO-2012-də 7, DÇ-2014-də 9 xal idi. İlk cəhdində 5 xallıq rekorda şərik olan Foqts ardından yeni rekorda imza atıb, daha sonra öz rekordunu yeniləyib.
Millimizdə adlarını çəkdiyim bu mütəxəssislərlə yanaşı, Kazbak Tuayev, Vaqif Sadıqov, Əsgər Abdullayev, İqor Ponomaryov, Şahin Diniyev, makednoyalı Qyoko Hacıyevski, Nazim Süleymanov, Mahmud Qurbanov baş məşqçi olub. Düzdür, son 3-ü bu postda müvəqqəti çalışıblar. Sadıqov 3 müxtəlif vaxtda milliyə rəhbərlik edən yeganə mütəxəssis olması ilə seçilib.
2004-cü ilin dekabrında millimizə təyinat alan Prosineçkinin hesabında 16 matç var. Bunlardan 4-də qələbə, 6-da heç-heçə, 6-da məğlubiyyət qeydə alımıb – topların fərqi 12-21.
Millimizn FİFA-ya üzv olandan, yəni 1994-cü ildən FİFA reytinqlərində təmsil olunur. Start 1994-cü ilin iyununda 170-ci yerlə olub. Ən yüksək göstərici 2014-cü ilin iyulunda 73-cü pillədir. Ən aşağı göstərici 2001-ci ilin fevralnda 151-ci yerə düşəm olub. Yığmamız dekabrın 22-də açıqlanan son reytinqdə 90-cı pillədə qərarlaşıb.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib