
"İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu düzgün yanaşmadır. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın "Ordabası” klubu ilə 0:0 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.
O bildirib ki, ötən gün 1:0 hesabı ilə yendikləri Rumıniya "Qaz Metan”ı ilə görüşdə 45 dəqiqə oynayan bəzi oyunçular bu gün yenə şans qazanıb. Ukraynalı mütəxəssis bunu normal sayıb: "Elə bölüşdürmüşük ki, kimə lazımdırsa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu. Hazırlıq baxımından hər şey yaxşı keçdi. Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu".
Ümumilikdə toplanışa gəlincə, Qriqorçukun fikrincə, komandası hazırlığa bir az gec başlasa da, hər şey qaydasındadır: "Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdir. Narazılıq üçün əsas yoxdur”.