"Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov Azərbaycan Premyer Liqasında "İnter"ə səfərdə 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra müsahibə verib. Müdafiəçi Sportnetaz-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Qarşılaşma haqda nə deyə bilərdin?
- Danışılası çox şey yoxdur. İlk hissəni pis çıxış etmədik. Ancaq hissənin son dəqiqəsində buraxdığımız qol bizi "sındırdı".
- Toparlanmaq üçün 15 dəqiqə var idi. Ancaq ikinci hissədə tam başqa "Kəpəz" gördük...
- Razıyam, biz toparlanmadıq. Özümüzə bəraət qazandırmıram. Ancaq ikinci hissə tamamilə "İnter"in üstünlüyü ilə keçdi.
- Hava şəraiti, süni örtüyü "Kəpəz"in oyununa təsir göstərdimi?
- Bunları bəhanə gətirmək düzgün olmazdı. Bu məqamlar oyuna təsir etsəydi, ilk hissədə bərbad oynayardıq. Gördüyünüz kimi, ilk hissədə qoladək pis çıxış etmədik. Ancaq ikinci hissədə tamamilə fərqli oyunu izlədik.
- Baş məşqçiniz Şhin Diniyev çox məyus görünürdü. O, oyundan sonra sizə nə dedi?
- Hamımız məyusuq. Ancaq baş məşqçi paltardəyişmə otağında nə deyirsə, bunlar ailənin içində qalır. Belə bir ciddi şey olmadı. Diniyev nə iradları vardısa, bizə dedi.
- "İnter" Türkiyədə, siz isə Bakıda təlim-məşq toplanışı keçmsiniz. Rəqibinizin daha yaxşı hazırlıq keçməsinin təsiri ola bilərdimi?
- Yox. Deməzdim ki, bunun təsiri oldu. Heç bir bəhanə gətirmək istəmirəm. Mərdəkanda yaxşı hazırlıq keçdik. Düzdsür, ola bilər ki, sınaqçı rəqiblərimiz o səviyyədə deyildi. Ancaq milli komandamızın qaldığı bazada toplanışda olduq. Hava şəraiti də yaxşı idi. Buna görə dediyimiz amil bəhanə deyil.
- Necə düşünürsən, komandanın yeni futbolçuya, yeni nəfəsə ehtiyacı var?
- Belə sualları mənə verməyin.
- Bir futbolçu kimi fikirlərini bildirərdin...
- Mənim deməyim düzgün deyil. Necə cavab verim?
- Dünən xəbər yayıldı ki, sponsoru "İnter"dən imtina etdi. Bundan sonra gözləyirdinizmi ki, daha yaxşı oynayardınız, rəqib futbolçular məyus olarlar?
- Kiminsə bədbəxtliyi xəbərinə sevinək ki, biz çıxıb bunlara qalib gələcəyik? Biz, sadəcə, öz oyunumuz fikirləşirdik. İlk hissədə normal futbol oynadıq. Ancaq ikinci hissədə bərbad oynadığımıza görə uduzduq.