"Uduzub heç-heçə etsəydik, təbrik etməyə dəyərdi, amma irəlidə olduğun halda qələbəni əldən verməyə təbrik demək olmaz".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Qarabağ"la səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
47 yaşlı mütəxəssis hər iki komandanın əzmkarlıq göstərdiyini bildirib: "Bəlkə də baxımlı oyun olmadı, amma hər iki komanda böyük əzmkarlıq, mübarizlik göstərdi. Biz çox xal itirmişik. Ona görə də indidən mövsümü hansı pillədə başa vuracağımıza dair proqnoz vermək istəmirəm. Heyətimizə iki yeni hücumçu cəlb edəcəyik. Onlardan biri Hüqo Barqas artıq Bakıdadır. Amma transfer vərəqi hələ gəlməyib. Gələn oyunadək meydana çıxa biləcək. Çalışacağıq ki, yenilənmiş heyətlə avrokuboklara vəsiqə verən yerə düşək".
Abdullayev "Qarabağ"dan aldıqları Namiq Ələsgərovun meydana buraxılmamasına da aydınlıq gətirib: Məncə, bu gün oynamaq Ələsgərov üçün də psixoloji cəhətdən çətin idi. Oynamaması da "Neftçi"nin çıxışına təsir göstərmədi".
Oyunsonrası mətbuat konfransında isə jurnalistlərin suallarını cavablandırıb...
- Fasilədən sonra ilk oyunlar həmişə ağır olur. Çempionla qarşılaşırdıq. Bəlkə də, elə baxımlı oyun olmadı, ancaq meydanda mübarizə var idi. Mən çox bəyəndim. Azarkeşlərə bu soyuqda bizi dəstəklədiklərinə görə təşəkkür edirəm.
- Namiq Ələsgərovun bu gün "18”liyə salınmamasının səbəbi nə idi?
- "Qarabağ”la razılıq əldə olunub ki, bu mövsümdə bu kluba qarşı oyunlarda Namiqi oynatmayaq. Qurban müəllim sağ olsun, onun "Neftçi”yə keçidinə icazə verdi.
- Oyundakı mübahisəli epizodlar barədə nə deyə bilərsiz?
- Bu barədə dəqiq bir söz deyə bilmərəm. İndi isti başla nəsə desəm, birdən səhv olar.
- İstədiyiniz "Neftçi”ni qura bilmisiz?
- Hazırda ən böyük problemimiz hücumla bağlıdı. Yeni hücumçu komandaya qoşulduqdan sonra başqa cür ola bilər.
- Kamal Qurbanovla bağlı nə deyə bilərsiz?
- Kamal perspektivli oyunçudu. Onu Antalyaya aparmadım ki, bəlkə burda komanda tapdı. Onu icarəyə verərdik. Ancaq tapa bilmədi. O, bizim oyunçumuzdur.
- Fasilədə komandanın üzvləri isinmə hərəkətləri etmədi...
- Buna ehtiyac görmədim. Hava soyuq idi. Özüm hamını paltardəyişmə otağına çağırdım. İkinci hissə başlayandan sonra isə ehtiyat oyunçular isinmə hərəkətləri etdilər.
- Qarşıda daha iki güclü komanda ilə qarşılaşacaqsınız. Bu komandalarla oyunlara psixoloji cəhətdən hazırsızmı?
- Onsuz da, bu komandalarla qarşılaşmalıyıq. Gec, ya da tez. Bu, elə də önəmli deyil.
- Yeni hücumçunuz Hüqo Barqasla bağlı nə deyə bilərsiniz?
- Peşəkar və istedadlı oyunçudu. Yaxşı klublarda çıxış edib. 30 yaşı olması, əksinə, təcrübə baxımından yaxşıdır. İnanıram ki, o, komandaya kömək edəcək.