"Qarabağ"ın futbolçusu Maksim Medvedev "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib. Medvedev Sportnet.az-ın da suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərdiniz?
İlk oyun olsa da, bizim üçün çox ağır keçdi. Birinci oyunun həmişə çətin olduğunu dərk edirdik. Təlim-məşq toplanışından sonra oyuna yaxşı-əhval ruhiyyədə hazırlaşmışdıq. Amma hiss olunur ki, "Neftçi" heyətini yaxşı legionerlərlə doldurub. Doğrudan da bizi yaxşı analiz etmişdilər və yaxşı da mübarizə apardılar. Fasilədən sonrakı ilk oyunda heç-heçə etsək də, qarşıdakı görüşlərdən yalnız yaxşı nəticə ilə ayrılmaq istəyirik.
- Qara Qarayevin qapınıza qolla nəticələnən səhvi sənin üçün gözlənilməz olmadı?
- Futbolda hər şey olur. "Qarabağ" həmişə riskli futbol oynayan komandadır. Bu, ev və ya səfərdə çıxış etməyimizdən asılı deyil. Sadəcə, Qara topu qapıçıya daha rahatlıqla ötürmək istədi. Buna görə bir az məsafəcə aralandı. Amma top tullanaraq, Cavid İmamverdiyevin qarşısına düşdü və qol buraxdıq. Bu, ona bir dərsdir. İnanıram ki, gələn dəfə başqa mövqe seçəcək və belə hərəkətə yol verməyəcək.
- Düşünmürsünüzmü ki, "Neftçi" daha istəkli idi?
- Hiss olunurdu. Yəqin ki, oyunqabağı yaxşı motivasiyaları var idi. "Qarabağ"da da motivasiya var idi. Çünki komandamız həmişə "bir nömrəli" kimi oynayır bu gün də belə çıxış etməyə çalışdı. Amma hələ o tonusda deyilik. Bir-iki turdan sonra komandamız formasını bərpa edəcək və həmişə oynadığı kimi futbol sərgiləyəcək. Hələ bizdə bəzi şeylər alınmır. Nəzərə almaq lazımdır ki, əsas heyətdə Riçard Almeyda da yox idi. Yəni, orta sahədə çatışmazlıq görünürdü.
- Demək olarmı ki, komandanızın beyni Almeydadır?
- Almeyda "Qarabağ" üçün doğrudan da böyük fiqurdur. O, meydanda olanda komandamız bir az fərqli oyun sərgiləyir. Amma bu gün yox idisə, demək olmaz ki, onun mövqeyindəki futbolçu zəif çıxış etdi. Sadəcə, oyun üslubu dəyişilmişdi. Bu gün komandamızın Riçarda ehtiyacı var idi.
- Ağabala Ramazanov gəldi, Reynaldo getdi. Bundan kim udacaq, kim uduzacaq?
- Nə demək olar? Son vaxtlar Reynaldo zədəli idi və oynamırdı. Avropa Liqasında da bir-iki matça çıxdı. O da sonda. İtaliya "Fiorentina"sı ilə Bakıdakı çıxışını xatırlayıram. Amma Ağabala gəncdir, təzə qandır.
- Təzə qan olması hiss olunurdu?
- Əlbəttə. İkinci hissədə rəqibi iki sarı vərəqə almağa vadar etdi. Özünə inamlı çıxış etdi. Belə davam etsə, komandamız üçün çox böyük üstünlük olacaq.
- Amma rəqibi çox bezdirirdi, tez-tez özünü yerə atırdı, sarı vərəqə aldı. Məşqdə də belədir?
- Məşqdə də belədir. Daim yıxılır, cərimə zərbəsinin olub-olmadığının mübahisəsi gedir. Amma məşq vaxtı sarı, qırmızı vərəqə yoxdur. Ona görə də çalışır ki, belə epizodlara girməsin. Rəqibi sarı vərəqə almağa vadar etməsi onun müsbət cəhətidir. Bu gün simulyasiyaya görə sarı vərəqə aldısa, rəqibi də iki sarı vərəqə almağa məcbur etdi.