AFFA-nın təşkil etmək istədiyi Birlik Kubokunun mükafat fondu müəyyənləşib.
Sportnet.az-ın "İzvestiya" nəşrinə istinadən məlumatına görə, Azərbaycanda keçiriləcəyi gözlənilən turnir üçün 1 milyon avrodan 1,5 miyon avroyadək (3 milyon manatdan çox) vəsait nəzərdə tutulub.
Bu məbləğ Rusiya, Ukrayna, Belarus, Moldova, Özbəkistan və MDB ölkələrinin digər çempionları üçün Bakıya əsas heyətlərini gətirməkdə əlavə motivasiya rolunu oynaya bilər.
Azərbaycan tərəfinin təşkilatçılıq hüququnu əldə etmək üçün Rusiya Futbol İttifaqına müraciət etdiyi bildirilir.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu "Report"a açıqlamasında turnirin Azərbaycanda keçirilməsi ilə bağlı təklif edildiyini təsdiqləyib. Lakin o, təklifin hələ bir il öncə ünvanlandığını açıqlayıb: "İlk dəfə sizə açıqlayıram. Məlum görüşdə turnirin keçirilməsi üçün iki təklif irəli sürülüb. Birincisi, turnir iştirakçı ölkələr arasında növbəlilik prinsipi ilə keçirilməsidir. İkinci təklif isə turnirin çempion komandanın təmsil etdiyi ölkədə keçirilməsindən ibarətdir. Yəni, "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsindəki kimi. Mükafat fonduna gəlincə, bununla bağlı heç bir söhbət olmayıb. Qərarı təşkilatçı Rusiya Futbol İttifaqı verəcək. Heç kim bizim adımızdan danışıb, mükafat vəd edə bilməz. AFFA-nın rəhbərliyi var".
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko AFFA-dan Birlik Kuboku ilə bağlı kommersiya və təşkilati baxımdan maraqlı təklif aldıqlarını açıqlayıb.