1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qonşu-qonşu" oyunları
Fasilədən sonra Azərbaycan Premyer Liqasında ikinci dövrənin ilk oyunları start götürdü. 4 görüşdən sonra nə demək olar ki?! Axı hələlik ikinci dövrədən bir tur keçib və bir tura əsasən komandalara konkret qiymət vermək tezdir. Hələ bir-iki tur oyunları izləmək lazımdır ki, həqiqətə yaxın proqnoz vermək olsun.
Amma müəyyən ehtimallar da səsləndirmək mümkündür. Oyunlara və oyunlardakı hesablara əsasən demək olar ki, bütün komandalar qış fasiləsindən səmərəli yararlanıblar. Hətta ən çox tənqid olunan "Kəpəz” də, məğlub olmasına rəğmən gördük ki, normal müqavimət göstərdi və pis çıxış etmədi. Artıq keçmiş sayılan turda görüşən 4 cütlükdən 3-ü bir-biri ilə qonşu idi: birinci-ikinci yerlərdə gedən "Qarabağ”la "Qəbələ”, üçüncü-dördüncü pillələrdəki "Zirə” ilə "Sumqayıt”, altıncı-yeddinci mövqelərdə qərarlaşmış "Səbail”lə "Keşlə” komandaları üz-üzə gəldi. Yalnız "Kəpəz”lə qarşılaşan "Neftçi” rəqibindən iki pillə irəlidə idi.
Və hər hansı sensasiya baş vermədi. Hesablar turnir cədvəlinə görə məntiqəuyğun alındı. Yəni, "qonşular” təsadüfən yox, gücləri bir-birilərinə yaxın olduğundan, cədvəldə əbəs yerə yan-yana durmadıqlarını hesablarla göstərdilər. Elə "Neftçi” də "Kəpəz”dən iki pillə irəlidə durmasının təsadüfi olmadığını qələbəsi ilə sübut etdi.
Bu, ötən tura baxış idi.
Qarşıdakı turda da 4 qarşılaşmadan üçü "qonşular” arasında olacaq. Həm də bu qarşılaşmaların komandalar üçün əsas məqsədlərinə çatmalarından ötrü əhəmiyyətli olduğunu deməliyik. Əslində bəzi məsələlər aydındır. Məsələn, Avropa kuboklarına ilk üç yerdə sıralanan "Qarabağ”, "Qəbələ” və "Zirə”nin gedəcəyi şübhə doğurmur. Çünki 4-cü pillədəki "Sumqayıt”ın 3-cü yerlə 10 xallıq fərqi əridəcəyi inandırıcı görünmür. Bu tur "Zirə” "Qəbələ”yə uduzsa və "Qarabağ” "Səbail”ə qalib gəlsə, "Zirə” ilə "Qarabağ” arasındakı fərq də 10-a çıxacaq ki, zirəlilərin də bu fərqi əridəcəyi inandırıcı görünmür.
Onsuz da "Zirə”nin çempionluq şansı əvvəlcədən az dəyərləndirilirdi. Ümumiyyətlə, "Qəbələ”-"Zirə” oyunu çempionluqdan qopmamaq üçün vacibdir. "Qəbələ” evdə oynayır və çempionluq uğrunda yarışı davam etdirmək istəyirsə, xal itirməməlidir. Görək, necə olacaq...
Avrokuboklara böyük ehtimalla vəsiqə qazanacaq 3 komandadan hansının Çempionlar Liqasına vəsiqə qazanacağı bir qədər sual doğurur. Zənnimcə, "Qarabağ” bu mövsüm də heç kimə şans verməyəcək. Xal fərqi və komandanın heyəti bunu deməyə əsas verir. Düzdür, Mahir Mədətov və Ramil Şeydayevin gənc olması ağdamlıları hücumçu sarıdan problemli kimi göstərə bilər. Amma sürətli və texnikalı Dani Kintana və Pedro Enrikeni, kəskin və başla yaxşı oynayan Miçeli unutmaq olmaz. "Qarabağ”ın hücumameylli yarımmüdafiə xətti çox güclüdür. Bu səbəbdən, "Qəbələ” və "Zirə”nin ikinci yer uğrunda yarışacağını ehtimal edə bilərik.
"Qarabağ”la qarşılaşacaq "Səbail”in heç bir iddiası olmasa da, hər halda Samir Əliyevin baş məşqçi olduğu kollektiv imici üçün ağdamlılara müqavimət göstərə bilər. Ötən tur Vüqar Nadirov özünü yaxşı tərəfdən göstərdi. Bunu nəzərə alaraq, onun hələ qocalmadığını sübut etmək üçün keçmiş komandası "Qarabağ”a da başağrı yarada biləcəyini ehtimal etmək olar.
"Kəpəz” evdə "Keşlə”ni qəbul edəcək. Sonuncu yeri tutmamaq və Premyer Liqada qalmaq baxımından bu görüş də əhəmiyyətlidir. Gəncəlilər qalib gəlsə, "Keşlə”ni keçəcək. Ancaq "Keşlə” də "Səbail”lə oyunda çox yaxşı təsir bağışladı və Gəncədə asan təslim olmayacağı dəqiqdir. Üstəlik, 1/4 finalda "Kəpəz"i məhz "Keşlə" üstələyib.
"Sumqayıt” - "Neftçi” oyunu dördüncü yeri tutmaq baxımından əhəmiyyətlidir. Kubokun yarımfinalçılarından heyətinə görə ən güclü namizəd sayılan "Qəbələ” kuboku qazansa, dördüncü yerin sahibi Avropa Liqasında oynamaq hüququ qazanır. "Sumqayıt”la "Neftçi” həm də kubokda mübarizə aparırlar. Amma dördüncü yeri də hər ehtimala qarşı "bron” etmək istəyirlər.
"Qəbələ” heyətinə görə yarımfinalçılar arasında ən güclüsü olsa da, kubok oyunu elədir ki, burada ən sürpriz nəticələr qeydə alına bilər. Ona görə də elə alına bilər ki, dördüncü yerin heç bir əhəmiyyəti qalmaz. Amma belə bir deyim də var: "Səndən asılı olanı et, sonrası nə olacaqsa-olacaq”. Bu səbəbdən də dördüncü yeri tutmaq uğrunda bu iki komanda arasında ciddi rəqabətin gedəcəyı aydındır və bu turun oyunu həmin rəqabətin bir parçası olacaq.
Belə... Bütün bunları nəzərə alıb demək olar ki, bu həftə vacib turlardan biri olacaq. Təbii ki, həlledici olmayayacaq. Çünki lap "Sumqayıt” "Neftçi”ni udub 4 xal önə keçsə, "Kəpəz” "Keşlə”ni hesabda və hesabın sayəsində cədvəldə üstələsə, bu, hələ hər şeyin başa çatdığı anlamını vermir. Qarşıda hələ 12 tur qalacaq. Uzun marafondur – hansısa klubda vacib oyunçuların zədələnməsi, hansındasa cəzalılar komandanı zəiflədə bilər ki, bu da xal itkilərinə gətirər. Ona görə də bu oyunlara, nə qədər əhəmiyyətli, vacib olsa da, həlledici demək olmaz.
Uzun bir marafonda möhkəm və mətin addımlarla, sabit şəkildə, büdrəmədən irəliləmək subyekti hədəfə çatdıra bilər.
Vüqar MƏMMƏDOV