Vüqar MƏMMƏDOV
"İnsanlara sağlığında nəsə etmək lazımdır. Biz isə çox vaxt rəhmətə gedəndən sonra nələrsə etməyə çalışırıq". Bu fikirləri Ağasəlim Mircavadov dünyasını dəyişmiş Böyükağa Hacıyev haqqında danışarkən dilə gətirib.
"YouTube"də 2000-ci illərə aid bir video var: Valeri Lobonovskinin ölümünün ildönümündən bəhs olunur. İnsanlar onun xatirəsini yad etməyə gəliblər. Bu adamların içində olan Kiyev "Dinamo”sunun prezidenti Qriqori Surkisin fikirləri daha çox diqqət çəkir: "İnsan həyatdan getməlidir ki, qəhrəman kimi qəbul etsinlər. Lobonovski ilə də bu, baş verdi. Ölümündən sonra ona Ukrayna qəhrəmanı adı verdilər. Lobonovskiyə olunmalı hörmət – Ukrayna qəhrəmanı adı sağlığında verilsəydi, yəqin ki, ürəyindəki çatlar az olardı və indi - bu gün bizim aramızda olması mümkün idi”.
Baş məşqçi kim dörd dəfə Azərbaycan çempionu olan, ilk dəfə Azərbaycan klubunu Avropa Liqasının qrupuna çıxaran Böyükağa Hacıyev dünən dünyasını dəyişib. Artıq hamı onun barədə də xoş sözlər danışır, yazır. Ancaq təbii ki, bu xoş sözlər sağlığında deyilsəydi, o da bəlkə bu günəcən aramızda idi. Çünki insanı sevindirən, xoşhal edən fikirlər ona müsbət təsir edir. Bu, tibbi cəhətdən sübut olunan məsələdir. İnsan özünü xoşbəxt hiss edəndə qanda xoşbəxtlik hormonu, dopamin çoxalır. Bu da qanı durulaşdırır, ürəyin işi asanlaşır. Nəticədə infakt riski azalır. Əksi baş verdikdə isə qan qatılaşır və infakt risqi çoxalır.
Böyükağa Hacıyev də infakt keçirmişdi. Deməli, o, özünü cəmiyyətdə xoşbəxt hiss etməyib ki, bu, baş verib.
Biz yuxarıda Lobovski barədə fikirləri iki mərhum baş məşqçinin müqayisəsi üçün yazmadıq. Sadəcə, insanlara verilən qiymətin aşağı-yuxarı hər yerdə eyni olmasını demək istədik.
Ölən adam haqqında həm də deyirlər ki, artıq rəqib deyil, kiməsə təhlükə yaratmadığından, onun haqqında görə xoş sözlər söyləyirlər. Lakin bunu Böyükağa Hacıyevə şamil etmək olmaz. Zatən o, artıq çoxdan kiməsə təhlükə yaratmırdı. Deməli, deyilən sözlər səmimi idi...