Azərbaycan I Divizionunda mövsüm sona yaxınlaşdıqca debütant "Xəzər" klubunun ilk pilləyə doğru yüksəlişi davam edir. Artıq lider "Qaradağ Lökbatan"dan cəmi 2 xal geri qalan Elşad Əhmədovun baş məşqçi olduğu kollektivin son 3 turda bu fərqi qapadacağı ehtimalları böyükdür.
İlk növbədə, komandanın nəticələri və oyunu belə deməyə əsas verir. Digər tərəfdən, 2017-ci ilin dekabrında klub rəhbərliyinə bu sahədə az-çox təcrübəsi olan şəxslər gətirilib. Bunlar həmkarlarımız Emin Abbasovla Gündüz Abbaszadədir. Hazırda "Xəzər"in icraçı direktoru vəzifəsində çalışan Abbasov əvvəllər "Qarabağ"da uşaq futbol akademiyasının koordinatoru vəzifəsində fəaliyyət göstərib. Abbaszadə isə 2011 - 2015-cı illərdə "Neftçi"də əvvəlcə klub jurnalının baş redaktoru, daha sonra İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olub.
Onlar işə başladıqları vaxt "Xəzər" 7-ci pillədə idi və liderdən 19 xal geri qalırdı. Qış fasiləsində Elşad Əhmədovun baş məşqçi postuna gətirildi, heyətə Premyer Liqa təcrübəsinə malik bir çox yeni futbolçu cəlb olundu. Qışda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən komanda mövsümün ikinci yarısına tam hazır vəziyyətdə qayıtdı. Görülmüş işlərin nəticəsidir ki, klub hazırda 2-ci pillədə məskunlaşıb. Növbəti turda rəqib məhz "Qaradağ Lökbatan" olacaq. Səfər matçında qələbə qazanacağı təqdirdə, "Xəzər" ilk pilləyə yüksələcək. Son 2 görüşdə isə bu komandanın autsayder "Zaqatala" ilə ev, "Şüvəlan"la isə səfər matçlarından sərfəli nəticələrlə ayrılması lazım gələcək ki, I Divizionun qalibinə çevrilsin.
Artıq "Xəzər" gələn mövsüm Premyer Liqada çıxış etmək üçün sənədlərini AFFA-nın Lisenziyalaşdırma Qrupuna təqdim edib. Klubun mövcud vəziyyəti imkan verir ki, heyətini daha da gücləndirsin və 2018-2019 mövsümündə elitada ən azı "Kəpəz" və ya "Səbail" kimi komandalarla bərabər səviyyədə mübarizə aparsın. Hazırkı reqlament saxlanılsa və komandaların sayı artırılmasa, "Xəzər"in, böyük ehtimalla, "Kəpəz"i əvəzləyəcəyi real görünür. Premyer Liqa iştirakçılarının sayı 10-a çatdırılacağı təqdirdə isə yeni komandalardan birincisinin məhz Elşad Əhmədovun rəhbərlik etdiyi kollektivin olacağı şübhə doğurmur.
Lisenziya tələblərinə cavab verən "Xəzər"in yeganə problemi "İnter Arena"dan "Keşlə" ilə şərikli yararlanmasıdır. Halbuki, AFFA hər bir komandanın üzərinə öz stadionunun olması öhdəliyini qoyub. Lakin sözügedən problemin də həlli yolu var. Bu, bölgələrdən birini təmsil etməkdir.
Onsuz da hazırda Premyer Liqa komandalarının yarıdan çoxu ev oyunlarını Bakıda keçirir. "Kəpəz" də aşağı liqaya ensə, paytaxtdan kənarda "Sumqayıt"la "Qəbələ" qalacaq. Əvəzində "Xəzər"lə birgə paytaxtda rəqiblərini 8 klubun 6-sı qəbul edəcək. Nəticədə Premyer Liqanın Bakı çempionatına çevrilməsi yönündə daha bir "ciddi addım" atılacaq.
Belə bir acınacaqlı halın baş verməməsi üçün ən real variant "Xəzər"in bölgəyə köçməsidir. İlk baxışdan, ağla Lənkəranı təmsil etmək gəlir. Çünki hər ikisinin adı bir-birinə uyğun gəlir. Lakin "Xəzər Lənkəran" Mərkəzi Stadionu və eyniadlı klub rəhbərliyinin "Xəzər"ə qucaq açması demək olar ki, mümkünsüzdür. Çünki cənub klubu rəsmiləri ilə AFFA rəhbərliyi arasında son illər çox ciddi problemlər mövcuddur. Debütant isə kuluarlarda AFFA-ya yaxın komanda kimi qələmə verilir.
"Xəzər"in adına görə təmsil edəcəyi digər bölgə Siyəzən ola bilər. Çünki bu rayon da Bakı və Lənkəran kimi, dəniz kənarında yerləşir. Siyəzəndə əvvəllər qısa müddətlik də olsa, "Siyəzən Broyler" komandası fəaliyyət göstərib. Amma orada Premyer Liqa tələblərinə cavab verən infrastruktur yox dərəcəsindədir. Xəzəryanı digər rayonlardan Salyanda əvvəllər "Muğan" klubu fəaliyyət göstərib. Lakin hazırda Salyan Olimpiya Kompleksi və onun stadionu NBC şirkətinin balansındadır. Bu şirkət isə son illərədək həm də "Rəvan" klubuna sponsorluq edirdi.
Hazırda normal infrastrukturu olan bölgə kimi Mingəçevir, Yevlax və Qubanı göstərmək olar. Əvvəllər "Karvan"ın fəaliyyət göstərdiyi Yevlaxdakı stadiondan indi "Kəpəz"in əvəzedicilərdən ibarət komandası yararlanır. Bu şəhərdə "Karvan"ın bazası da mövcud idi.
Mingəçevirdə stadion da, məskunlaşmağa "Kür" oteli də var. Lakin bu oteldən daha çox avarçəkənlər yararlanırlar. Digər otellərin xərcləri isə kluba baha başa gələ bilər.
Qubada isə uzun müddətdir heç bir peşəkar klub fəaliyyət göstərmir. Ümumiyyətlə, Şimal regionunda Qusar "Şahdağ"ı mövcud olsa da, bu klub maddi problemlər məngənəsindən qurtula bilmir. Baxmayaraq ki, uzun müddət I Divizionda çıxış edib. "Şahdağ" hətta elitada çıxış etdiyi vaxt oyunlarını bir müddət Qubada keçirib. Çünki Qubada geniş imkanlara malik Olimpiya Kompleksi və onun təbii örtüklü stadionu mövcuddur. Bu idman qurğusunun təkcə meydanından yox, hovuzu, kottecləri və trenajor zallarından da yararlanmaq olar. Bu yaxınlarda kompleksin direktoru Azər Sapayev "Futbol+" qəzetinə müsahibəsində müraciət edən hər kəsi qəbul etməyə hazır olduqlarını bildirib. Yəni, kluba Olimpiya Komplesini bütövlükdə icarəyə götürərək, onun bütün imkanlarından yararlanması daha sərfəlidir.
Qubanın təbiəti yay hazırlığının bir hissəsini elə bu rayonun özündə keçməyə imkan verir. Böyük turizm potensialına malik rayonda yeni rəhbərlik idmanın da inkişafında xeyli maraqlıdır və bu sahəyə yeni investorlar cəlb etməyi düşünür.
Ona görə də mətbuatda "Xəzər"in adını dəyişdirərək, Qubanı təmsil etməsinin mümkünlüyünə dair yayılan xəbərlərin real olduğunu düşünmək olar.
Elşən MƏMMƏDOV