Bu gün Topaz Premyer Liqasında "Keşlə"yə qarşı keçirəcəyi II turun ev oyunu "Zirə”nin baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olacaq.
Sportnet.az xəbər verir ki, 37 yaşlı mütəxəssis komandasını mövsümdə ilk, karyerasında 50-ci rəsmi matça çıxaracaq.
Öncə "Zirə”nin əvəzedicilərinə rəhbərlik etmiş Abbasov 2017-ci il yanvarın 29-da əsas komandanın sükanı arxasında debüt edib. Qəsəbə təmsilçisi Premyer Liqanın 2016/2017 mövsümünün AZAL-la ev oyununda 2:1 hesablı qələbə qazanıb.
"Zirə”nin tarixinə Bəhram Şahquliyevlə Adil Şükürovdan sonra 3-cü baş məşqçi kimi düşən Abbasov indiyədək komandanı 49 matça çıxarıb. Bu oyunlarda 22 qələbə qazanan "Zirə” 15 heç-heçə edib və 12 dəfə uduzub. Bu müddətdə rəqib qapılarından 80 top keçirən komanda 47 qol buraxıb.
Abbasov əsas kollektivə 42 çempionat, 3 kubok və 4 avrokubok qarşılaşmasında rəhbərlik edib.