"Keşlə"nin prezidenti Zaur Axundov evdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının III tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyundan sonra komanda ilə keçirdiyiniz iclas xeyli çəkdi və yəqin ki, futbolçulara iradlarınızı bildirdiniz. Əsas narazılığınız nədən ibarət idi?
- Tək futbolçulara yox, məşqçilər korpusunda yer alanlara da iradlarımı bildirdim. Çünki 3 oyundan 1 xal Azərbaycan Kubokunun qalibi üçün böyük zərbədir. Geniş iclas keçirdik və necə deyərlər, isti-isti fikirlərimi bildirdim. Lazımı futbolçulara sözümüz deyildi ki, nəticə çıxarmalıdırlar. Əks təqdirdə, yəqin ki, həmin futbolçularla yollarımızı ayıracağıq.
- Söhbət hansı futbolçulardan gedir?
- Hamıdan. Bu, kollektiv oyundur. Beş futbolçu canını yandırırsa, altısı yandırmırsa, deməli, komandanın daxilində problem var.
- Bəlkə bu haqda danışmaq tezdir, ancaq Mladen Milinkoviçi baş məşqçi postuna gətirməkdə peşmançılıq çəkirsiniz?
- Xeyr-xeyr. Milinkoviç tanınmış baş məşqçidir. Düzdür, komandaya az müddətdir qoşulub. Ancaq artıq 3 oyun keçirib və işini də görürük. Tək Milinkoviçdən söhbət getmir, burada köməkçiləri - Zaur İsmayılov, Cəmaləddin Əliyev, Aleksandr Karakliç də var. Hansılar ki, futbolun taktikasını, məşq prosesini məndən də yaxşı bilirlər. Onlarla da söhbət etdim. Ancaq deyim ki, bu gün kimsə səhv etdi, bu, düzgün çıxmaz.
- Onlar uğursuzluğu nə ilə izah etdilər?
- Komandadan əzmkarlıq, döyüşkənlik görmədim. Bunu futbolu bilən adam kimi özünüz də kənardan gördünüz. Birinci hissədə komanda demək olar yox idi, meydanda gəzirdi. İkinci hissənin əvvəlində 2-ci qolu buraxandan sonra hərəkət etməyə başladılar. Statistikaya nəzər salsanız, 4 yüzfaizlik qol imkanımız oldu, Yarım metrdən-bir metrdən qol vura bilmədik. Sərtan Taşkın olsun, Andre Klennon olsun, Samir Məsimov olsun. Axı, bunlar peşəkar futbolçulardır, peşəkar liqada oynayırlar. Təbii ki, irad bildirilməlidir.
- Start heyət bir qədər təəccüblü oldu. Üç hücumçu - Amil Yunanov, Bahadur Nasimov və Vaqif Cavadov ehtiyatda oturmuşdu. Bir də təcrübəli müdafiəçi Adrian Skarlatake. Həmin futbolçularla bağlı problem var?
- Yox. Baş məşqçinin qərarına, start heyətlə bağlı seçiminə heç kim müdaxilə etmir. Təbii ki, Milinkoviçlə sabah təkbətək söhbətim olacaq. Onun yaranmış vəziyyətlə bağlı analizi olmalıdır. Tək Milinkoviç yox, orada 3 digər məşqçi də var. Ancaq son "11-liy"i baş məşqçi yazır. Bu, onun qərarıdır... Sonra da götürdü 35-ci dəqiqədə 2 əvəzləmə etdi.
- Milinkoviç heyətdə dəyişiklik etsə də, görünür, futbolçuları yaxşı tanımır. Amil Yunanov ötən mövsüm "Sumqayıt"da mərkəz hücumçusu kimi qolları sıralayırdısa, onu sağ cinah yarımmüdafiəçisi kimi oynatdı. Sanki bir nəfər azlıqda oynayırdınız...
- O tanımasa da, köməkçiləri burdadır axı. Neçə ildir komandadadırlar, futbolçuları yaxşı tanıyırlar. Təbii ki, onlara da öz iradımı bildirdim. Dedim ki, bu baş məşqçi yenidir, mən biləni, gəlişindən 1 ay keçməyib. O, ha otursun komandamızın köhnə oyunlarına baxsın, ancaq köməkçiləri ki necə vaxtdır burdadırlar. Baş məşqçinin köməkçiləri kimi ona yardım etməli, sözlərini deməlidirlər axı. Siz məndən daha yaxşı bilirsiniz ki, Amil hücumun mərkəzində oynayır. Bu, onun əsl mövqeyidir. Bunu isə baş məşqçiyə mən, siz yox, köməkçiləri deməlidir.
- Bəs futbolçu seçimi necə: Yeni gələn futbolçulardan razısınızmı? İstər Nikola Mitroviç, istər Miloş Boşançiç olsun, komandaya kömək edə bilmirlər...
- Sizinlə tamamilə razıyam. Açıq deyim ki, yeni transferlərimizdən razı deyiləm. Onlar komandaya köməklik edə bilmirlər və həmin futbolçulara da iradlar bildirildi. Özlərinə də dedim ki, sizdən ortada daha əzmkar, aktiv oyun gözləyirdim. Ancaq özləri də dedilər ki, tam hazır deyilik. Bunu futbolçular açıq şəkildə etiraf edirlər. Qabaqda 14-15 gün var və futbolçular təbii ki, iki gün sonra məşqlərə başlayacaqlar. Ümidvaram ki, komanda üzvləri bugünkü iclasdan lazımı nəticə çıxaracaqlar. Vaxt tez keçir, nəsə dönüş yaratmalıyıq.
- Bugünkü iclasda əvvəlki oyun sxeminə qayıtmaq da müzakirə olundumu? Çünki "Keşlə" 3-5-2 sxemində daha şən, gözəl futbol oynayırdı, eyni zamanda yaxşı nəticələr qazanırdı. Sanki 4-4-2 futbolçulara yaramır...
- Sizinlə razıyam. Ancaq yenə də bu, məşqçilərə aid məsələdir. Açıq deyim ki, bu gün iradımı baş məşqçidən çox köməkçilərinə dedim. Onlara çox irad bildirdim. Axı, siz baş məşqçiyə kömək etməlisiniz ki, bu adam bilsin nə, necə olub. Onu nə mən, nə də futbolçular deməlidir. Bunları köməkçiləri baş məşqçiyə ya məsləhət, ya da nəsə izahat verərək deməlidir.
- Futbolçuların özlərinə gəlmələri üçün hər hansı cərimə gözlənilir?
- Təbii ki, olacaq. Özlərinə də dedim. Çempionatda hər bir komandaya hörmətlə yanaşıram. AFFA rəhbərliyi, PFL də çalışır ki, çempionatımız yüksək səviyyədə keçsin. Düzdür, 8 komanda ilə çətindir. Hər komanda hər oyun bir sistem göstərir. Rəqiblərimizin hər birinə hörmətlə yanaşıram, ancaq "Sabah", "Zirə", "Səbail"lə matçların heç birində qələbə qazanmamaq...
- Təqdim də "Keşlə" üçün çox uğurlu idi. 3 oyuna 9 xal toplayaraq fasiləyə lider kimi yollana bilərdiniz...
- Təbii ki. Startda elə rəqiblər idi ki, onları məğlub etməli idik. Əsas problem o idi ki, yeni çempionatın startına bir neçə gün qalmış əsas orta sahə oyunçumuz Sezar Mezal Kolli getdi. Bildiyiniz kimi, o, karyerasını Rumıniyada davam etdirməyə qərar verdi.
- Onun mövqeyinə yeni oyun qurucusu tapmaq belə çətindir?
- Tapa bilmədik. Vaxtımız az olduğuna, çempionat artıq başladığına görə ilk olaraq Bosançiçi götürdük. Firiləşirdik ki, o yarımmüdafiənin mərkəzində boşluğu doldurar. Bəlkə də 10-15 günə tam hazır olar.
- Sezarı saxlamaq çoxmu çətin idi: Maaş çox istəyirdi, yoxsa könlü burda deyildi? Hər halda, onunla müqaviləniz olsa da, gedişinə əngəl törətmədiniz...
- Bilirsiniz, bu, klubdaxili sirdir. Sizə qısa deyim ki, şəxsən mən Sezarın qalması üçün çox çalışdım. Bilirsiniz, yanvarda gələndə də yaxşı vəziyyətdə deyildi. Bir ildən çox futbol oynamırdı, artıq çəkisi vardı, təlim-məşq toplanışımıza kök halda gəlmişdi. Ancaq ona inandım və 3-4 oyundan sonra bu adam formaya, relsə düşdü. Sadəcə, bu, futboldur, müqaviləsi olanın da gedişi olur.
- "Keşlə" Sezarın Rumıniya klubuna keçidindən hər hansı gəlir əldə etdimi?
- Gəlir deyəndə ki, ona xərclədiyimizi özümüzə qaytardılar. Sezar 3-4 matçdan sonra oynamağa, bizə kömək etməyə başlamışdı. Ancaq həmin müddətə qədər onu formaya gətirmək üçün nə qədər vəsait sərf etdik. Söhbət o maliyyə vəsaitindən getmir. Təbii ki, orta sahədə Sezar kimi futbolçumuzun olmasını istərdik. Ancaq futbolda heç kim heç yerdə daimi qalmır, məcburən saxlamaq olmaz.