
"Səbail”futbol klubu və "AzTea” markası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, sözləşmənin şərtlərinə əsasən, "AzTea” markası "Səbail”in titul sponsoru olacaq.
Oktybarın 5-də Azərbaycan Premyer Liqasının VII turunda "Sumqayıt”la ev oyunundan etibarən "Səbail” klubunun oyun formalarının ön tərəfində "AzTea” markasının loqotipi öz əksini tapacaq.
Əməkdaşlığın ilkin olaraq cari mövsümün sonuna qədər olan müddəti əhatə etməsi nəzərdə tutulub. "Səbail”in "Bayıl Arena” stadionunda keçirəcəyi ev oyunları zamanı azarkeşlər ödənişsiz olaraq "AzTea” çayını dadmaq imkanı da əldə edəcəklər.
Qeyd edək ki, "AzTea” markasına aid olan qara çay məhsulları ən seçkin tumurcuq və yenicə açılmış yarpaqlardan hazırlanır. Bu tumurcuq və yenicə açılmış yarpaqlar Azərbaycanın suptropik zonası olan Astara və Lənkəran ərazisində yerləşən plantasiyalardan yığılaraq çay fabrikində dünya standartlarına uyğun formada emal edilir və ən müasir texnoloji avadanlıqlar vasitəsi ilə qablaşdırılır. "AzTea” markalı çaylar yüz təbii və qatqısız olmaqla yanaşı, tamamilə yerli xammal əsasında hazırlanaraq satışa təqdim olunur.