"Zirə"nin futbolçusu Miloş Radivoyeviç evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VII tur matçından sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, yeganə qolun müəllifi öncə oyunu dəyərləndirib...
- Çox çətin məcrada keçən oyun oldu. Qələbəyə ehtiyacımız var idi. Uzun müddətdən sonra çempionatda ilk qələbəmizi qazandıq. Bunu məhz bu gün gerçəkləşdirdik. Üstümüzdə çoxlu təzyiq var idi. Bu, oyunumuza çətinlik yaradırdı. Matça yaxşı hazırlaşmış, rəqibi təhlil etmişdik. Öz şansımızı gözləməli, müdafiədə kompakt oyun sərgiləməli idik. Bunu da bacardıq. Ümidvaram ki, növbəti oyunlarda daha rahat çıxış edəcəyik.
- İlk qələbənizi birinci dövrənin son turunda qazandınız. İndiyədək bu nəticəni əldə etməyinizə nə mane oldu?
- Komandamızda baş məşqçi dəyişikliyi olub. Bu isə yeni futbol fəlsəfəsinin tətbiqi deməkdi. Təbii ki, hələ də vaxta ehtiyacımız var. Futbolçuların bir-birilərini başa düşməsi üçün də vaxt lazımdır. Bu, bizdə oyundan-oyuna alınır. İnanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Zaman keçdikcə baş məşqçi futbolçulara, oyunçular isə ona daha yaxşı bələd olur. Gələcəkdə baş məşqçinin tələblərini daha yaxşı yerinə yetirəcəyimizə əminəm. Bundan əvvəlki matçlarda da yaxşı çıxış etmişdik. Amma təəssüf ki, 3 xalı hələ indi qazana bildik.
- Necə düşünürsüz: Qələbənizə rəqibin pis oyunu gətirib çıxardı?
- Mən belə düşünmürəm. Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibə heç bir şans vermədik, qol vurmaları üçün imkan yaratmadıq. Müdafiədə kompakt futbol oynadıq. Öz şansımızı gözlədik və istəyimizə nail olduq.