"Avropa kuboklarında çoxlu oyun keçirdik. Daha çox beynəlxalq matça çıxdığımızdan, baş məşqçimiz çempionat oyunlarında kifayət qədər rotasiyalar etdi. Hələ çempionatın yarısı arxada qalıb. Ümidvarıq ki, sonda titul əldə edəcəyik. Birinci pillədəki "Neftçi" bizdən 3 xal öndədir. Orada iki xorvatiyalı - Qoran Paratski və Slavko Braliç də çıxış edir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç "Jutarnji List"ə müsahibəsində deyib. Xorvatiyalı yarımmüdafiəçi "Qəbələ"dən ayrıldığı üçün keçmiş klubundan üzrxahlıq edib: "Onları qoyub getdiyim üçün üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər məyusedici oldu. Onlar zarafatca soruşurdular ki, nəyin çatmırdı. Amma indi mənim klubum "Qarabağ"dır".
28 yaşlı orta sahə oyunçusu Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşən Xorvatiyanın daha güclü və qrupun böyük favoriti olduğunu vurğulayıb: "Azərbaycanlı oyunçuları tanıyıram. "Qarabağ" millinin onurğa sütunudur. Komandada bir çox futbolçunun Avropada oyun təcrübəsi var. Onların arasında Mahiri fərqləndirərdim. O, 1997-ci ildə doğulub, böyük potensiala, sürətli və sol ayaqla oynamağa qadirdir. "Qarabağ" onun üçün özünü xaricdə göstərmək baxımından yaxşı tramplindir. Lakin Xorvatiya mütləq qrup birincisi kimi mərhələ adlayacaq".
Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişinin səbəbini bilmədiyini söyləyib: "Məhz nəyin baş verdiyini bilmirəm. Qurbanov "Qarabağ"da özünü yaxşı baş məşqçi kimi göstərdi. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi sevən mütəxəssisdir".
Xorvatiyalı oyunçu Azərbaycan millisində oynama perspektivinə də toxunub: "Vətəndaşlıq üçün şərtləri yerinə yetirsəm və mənə zəng etsələr, mütləq təklifi qəbul edəcəyəm. "Qarabağ"la ötən yay 2+1 illik müqavilə bağlamışam. Orada işlərim qaydasındadır. Xorvatiyanın böyük klublarda yüksək səviyyəli futbolçuları olsa da, Azərbaycana qarşı oynamaq çətindir. Təəssüf ki, "Hayduk"da çıxış etdiyim vaxt zədələndim və nəyə qadir olduğumu göstərə bilmədim. Bilmək olmaz ki, bu, olmasaydı, karyeranda hansısa dönüş ola bilərdimi? Amma mən xoşbəxtəm, "Qarabağ" xoşuma gəlir".