Bu gün 2018-2019 mövsümünün ikinci yarısının hazırlıqlarına start verən "Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu "Zirə" olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb. Nəzirov bu gün qarşılıqlı razılıq əsasında "Zirə" ilə yollarını ayırıb.
2010/2011, 2012/2013, 2013/2014 və 2014/2015 mövsümlərində də "Qəbələ”də çıxış edən Nəzirov "qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. O, karyerası ərzində həmçinin "Kəpəz”, "Turan”, "Neftçi”, "Standard” və "Sumqayıt”ın da formasını geyinib. Nəzirob Premyer Liqada 219 matç keçirib.
Azərbaycan milli komandasında 2012-ci ildə debüt edən qolkiper əsas yığmada indiyədək 4 matçda meydana çıxıb.
Qeyd edək ki, daha əvvəl "Qəbələ"nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə "Sabah"a keçib.