"Qələbəyə layiq oynadıq. Mövsümün ən yaxşı matçlarından birini keçirdik. Diqqət, köklənmə - hər şey vardı. Bunlar çıxışımıza müsbət təsir göstərdi. Ona görə də qələbə qazandıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XIX turunda "Keşlə"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
İspaniyalı yarımmüdafiəçi matçın baş tutduğu "ASK Arena"nın süni örtüyündən şikayətlənib: "Yüskək Liqalarda belə səviyyəli stadionlarda oynamağa necə icazə verildiyini başa düşmürəm. Biri var süni meydan, biri də var son nəsil süni meydan. Özümü belə meydanlarda rahat hiss etmirəm. Bu, fiziki yox, psixoloji məsələdir və öhdəsindən gəlməyə çalışıram".
Kintana 41 xalla liderliyi bölüşdükləri "Neftçi"nin yox, öz komandasının oyununu düşündüklərini vurğulayıb: "Komanda daxilində dəfələrlə danışmışıq ki, başqalarının oyunlarına diqqət yetirməyək. Öz çıxışımıza köklənirik. "Neftçi" udur, yoxsa uduzur - bunun bizim köklənməyimizə dəxli yoxdur. Çempion olmasaq, böyük məyusluq yaşaycağıq. Çünki mövsüm ərzində əziyyət çəkirik. Hər il avrokuboklarda oynayırıq. Orada çıxışı başa vurmağımızın iddialarımıza dəxli yoxdur. Çempionluq üçün komandamızda yetərli potensial görürəm".