İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Almaniyanın "Der Spiegel" nəşrinə məhkəmədə uduzub.
Sportnet.az-ın məlumatına görə, məhkəmə iddiası jurnalın portuqaliyalı hücumçunun vergi ödəməkdən yayınma üsullarına dair bir sıra məqalələri ilə əlaqədar qaldırılıb. Ronaldu qəzeti məhkəməyə verərək, şəxsi həyatına müdaxilədə ittiham edib.
2017-ci ilin fevralında Hamburq vilayət məhkəməsi "Der Spiegel"ə 34 yaşlı forvardın fırıldaqları barədə məqalələri öz saytından müvəqqəti çıxarmasına dair hökm verib. Lakin İspaniya məhkəməsi futbolçunu ölkənin vergi qanunvericiliyini pozmaqda günahkar bildikdən sonra onun vəkilləri Almaniya nəşrinə qarşı iddianı geri götürmək zorunda qalıblar. Onlar işi uduzacaqlarını anlayaraq, bu addımı atıblar.
Qeyd edək ki, yanvarın 22-də Madrid məhkəməsi Kriştianu Ronaldunu vergi ödəmədiyi üçün 18,8 milyon avro məbləğində cərimələyib.