UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizəd olan futbolçuların adlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, iddiaçılar sırasına "Barselona"nın hücumçuları Lionel Messi ilə Luis Suares, eləcə də Hollandiya "Ayaks"ının yarımmüdafiəçiləri Frenki de Yonq və Donni van de Bek düşüb.
Suares sabiq komandası İngiltərə "Liverpul"una 3:0 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolu vurub, Messi isə "dubl" edib. Onlara 3 qolu vurmaq üçün rəqib qapıya elə 3 zərbə endirmələri kifayət edib. Van de Bekin qolu "Ayaks"a İngiltərədə "Tottenhem" üzərində qələbə qazandırıb - 1:0. De Yonqun isə dəqiqliyi 92 faiz təşkil edib.
Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İspaniya "Real Madrid"idir.