
"Bu, sevinc hissləridir. Qarşımıza çempion olmaq hədəfini qoymuşduq. Buna da nail olduq. Hər zaman demişdik ki, hədəfimiz çempionluqdur. Çox sevincliyik".
Sortnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın qapıçısı Vaqner da Silva söyləyib.
Qolkiper Azərbaycanda keçirilən çempionata alışdığını bildirib: "Mən artıq bilirəm ki, daxili oyunlara və avrokubok matçlarına nə qədər azarkeş gəlir. Stadionlara daha çox fanatın gəlməsi çempionat üçün daha çox nüfuz gətirir. Bu, həm də futbolçulara da motivasiya verir. Əsas odur ki, çempion olduq. Buna görə də çox sevinirəm".
Braziliyalı oyunçu çempionatdakı əsas rəqibləri "Neftçi" barədə də danışıb: "Futbolda belə şeyləri çox görmüşük. 5-6 xal fərqi ilə irəlidə olan komanda yekunda çempionluğu əldən verib. Belə halların şahidi olmuşuq. Avropa Liqasındakı oyunlarımız yekunda çempionat oyunlarımıza da təsir edirdi. Burada baş məşqçimizin payını xüsusi qeyd etmək istərdim. Çünki Qurban Qurbanov mövsüm ərzində bizi boşalmağa qoymadı".
Qapıçı çempionluğa rəğmən cari mövsüm "Neftçi"ni məğlub edə bilməmələrinə də toxunub: "Çempionat ayın 11-i bitir. Rəqibin kimliyinə baxmadan "Qarabağ" olaraq, bütün oyunlara qələbə üçün çıxırıq. "Neftçi" ilə matç da istisna olmayacaq".
Vaqner son olaraq Ağdam təmsilçisi ilə hələ bir illik də müqaviləsi olduğunu və komandada qalacağını deyib.