Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün bitməyinə 1 tur qalmış medalçılar məlum olsa da, bombardirlik yarışında ikitirəlik davam edir.
Sportnet.az xəbər verir ki, “Neftçi”dən Baqali Dabo, “Qarabağ”dan Mahir Mədətov hərəyə 14 qolla liderliyi bölüşdürür.
Peşəkar Futbol Liqası çempionatın sonunda zirvədə iki və daha artıq futbolçu olacağı halda ən çox qol vuran oyunçunun müəyyənləşmə qaydasına aydınlıq gətirib. Belə hal baş verəcəyi təqdirdə ən az oyun keçirən, ən az penaltidən yararlanan və ən çox məhsuldar ötürmə edən oyunçu bombardir olacaq.
Son turda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bu qarşılaşmaya qədər Dabo 25, Mədətov 26 görüşdə meydanda olub. Fransalı oyunçu bir dəfə penaltidən fərqlənib. Beləliklə, əgər son tur hər iki futbolçu qarşılaşmada iştirak etsə və heç biri fərqlənməsə (və ya eyni sayda fərqlənsə) abo ardıcıl ikinci dəfə Premyer Liqanın ən məhsuldar oyunçusu seçiləcək.
Azərbaycan millisinin hücumçusu görüşdə iştirak etməsə, Dabo isə iştirak edib fərqlənə bilməsə, oyun sayı bərabərləşəcək. Bu halda “flaqman”ın üzvü bir dəfə penaltidən fərqləndiyinə görə zirvəni yerli futbolçuya təhvil verməli olacaq. Beləliklə, Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün sonuncu mərkəzi qarşılaşması bombardirin müəyyənləşməsi cəhətdən həlledici olacaq.
Qeyd edək ki, “şəriklər”in ən yaxın izləyicisi, “Qəbələ”də çıxış edən Ceyms Adeniyi bu mövsüm 10 dəfə fərqlənib.