"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının yaşadığı evdən oğurluq hadisəsinin təfərrüatları məlum olub.
Hüquq-mühafizə orqanlarından Sportnet.az-a verilən məlumata görə, hadisə ukraynalı qolkiperin kirayədə qaldığı Bakının Nəsimi rayonu 28 may küçəsindəki mənzilində mayın 10-da baş verib. 36 yaşlı oyunçu 5000 dollarının oğurlandığından xəbər tutan kimi polisə şikayət edib. Polisin araşdırması nəticəsində oğurluğu Bezotosnının uşaqlarının Nailə adlı dayəsinin (soyadını yazmırıq) törətdiyi üzə çıxıb. Oğurluğun üstü mayın 15-də açılıb.
Qapıçı bunu bildikdə oğru dayəyə qarşı heç bir iddiasının olmadığını söyləyib. O, şikayətini geri götürsə də, polis araşdırmalarını davam etdirir.
Qeyd edək ki, Dmitri Bezotosnı aprelin 19-da "Qəbələ"nin "Zirə"yə 2:1 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının XXV tur matçında zədələnib. Bu səbəbdən, təcrübəli qolkiper çempionatın son 3 turunu buraxmalı olub. O, mayın 19-da Naxçıvanda "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçında meydana çıxa biləcək.