"Hər bir oyuna olduğu kimi, bu matça da yaxşı hazırlaşmışıq. Qələbə qazanaraq kuboku Qəbələyə aparmaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Cavid Hüseynov bu gün "Sumqayıt"la keçirəcəkləri Azərbaycan Kubokunun final matçı barədə Peşəkar Futbol Liqasına açıqlamasında deyib. 6-cı dəfə finalda çıxış edəcək 31 yaşlı yarımmüdafiəçi hələ kuboku başı üzərinə qaldıra bilmədiyini xatırladıb.
O, ilk dəfə bu titula sahib çıxacağına ümid etdiyini söyləyib. Hüseynov daha istəkli komandanın qələbə qazanacağını vurğulayıb: "Meydana istəksiz çıxırsansa, heç də həmişə nəticə verə bilməzsən. Düzdür, təcrübə sayəsində zaman-zaman nəticə əldə edə bilərsən. Amma gərək istək də olsun. Çalışmışıq ki, həm təcrübə, həm də istəklə finala hazırlaşmışıq. İstəyirik ki, bunu sabah ortaya qoyaq".
Kapitan xəstələndiyi üçün finalda çıxış etməyəcək Ceyms Adeniyini Rauf Əliyevin əvəzləməyə qadir olduğunu vurğulayıb: "Adeniyi bizim üçün böyük futbolçu, bombardirimiz idi. Amma ön xətdə Rauf Əliyev onun yoxluğunu hiss etdirməz".
Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikasının stadionunda keçiriləcək "Qəbələ" - Sumqayıt" matçı saat 17:00-da başlanacaq.