
Qəbələ"nin kapitanı Cavid Hüseynov Azərbaycan Kubokunu qazandıqları matçdan sonra Sportnet.az-ın Naxçıvana ezam olunmuş əməkdaşına müsahibə verib.
- Uzun illərdən sonra nəhayət ki, komandanız arzusuna çatdı. Bu tarixi qələbəni necə şərh edərdiniz?
- Uzun həsrətdən sonra şükürlər olsun ki, bu gün kubok qazandıq. Buna qədər bir neçə dəfə finalda iştirak etsək də, qazana bilmirdik. Bu günə qismət imiş. Bu gün az da olsa "Qəbələ" klubuna nəsə qazandıra bildik.
- Sizi uzun fasilədən sonra çox istəkli gördük, sanki bu gün meydanda "Qəbələ"yə borcunuzu qaytarmaq istəyirdiniz...
- Düzdür mənim borcum var idi və bu gün bu borcu qaytarmaq üçün bundan gözəl şans ola bilməzdi. Allaha şükürlər olsun ki, bu gün kubok qazandıq. Tale Heydərov kimi insanın və prezidentin etdiklərinin qarşısında bu kubok çox kiçik birşeydir. Onun mənə etdiklərinə baxanda onun borcunu qaytara bilmərəm. Əgər bu kubokun qazanılmasında rolum varsa, nə xoş mənə.
- Belə söz-söhbətlər gəzir ki, mövsümün sonunda müqaviləniz bitir və klubdan ayrılacaqsınız. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudur, müqaviləm bitir. Ola bilər ki, ayrılım, ola bilər komandada qalım. Əvvəlcə klub rəhbərliyi ilə görüşüb danışacağam. Ona görə də bu barədə indidən nəsə deyə bilmərəm.
- "Qəbələ" klubunda növbəti mövsüm üçün büdcə kəskin şəkildə azaldılacaq və gəncləşdirmə siyasəti aparılacaq. Lakin Zaur Həşimov mətbuat konfransında qeyd etdi ki, bu kubok artıq yeni səhifənin açılmasına təkan verə bilər. Belə olsa, klubda qalmaq üçün danışıq aparacaqsınızmı?
- Bəzi şeylər var ki, mənim öz prinsiplərim var onun üzərində olacaq. Bunlar madiyyatla bağlı məsələlər deyil. Rəhbərliklə danışıq aparacaq və qərar verəcəyəm.
- "Sabah" klubuna keçəcəyiniz bildirilir...
- "Sabah" və bir neçə başqa klub var ki, məni transfer etmək istəyir. Görüşmüşük, danışığımız olub və demişəm ki, mənə vaxt verin, kuboku qazanım, rəhbərliklə danışım və sizə dəqiq söz deyim.
- Qeyd etdiniz ki, klubun sabiq prezidenti Tale Heydərova borcunuz var, bu kuboku ona həsr edirsiniz?
- Bu, 100 faiz belədir. Çempionatın sonuna 5 tur qalmış onun klubu tərk etməsi bizə, komandaya pis təsir etdi. Gözümüzü açandan onu prezident kimi görmüşdük, onun da prezident kimi davam etməsini istəyirdik. Amma əlbəttə, biz onun işinə qarışa bilmərik. Bunun hansı səbəbdən baş verdiyini də bilmirik. Bizim üçün onun gedişi gözlənilməz oldu.