UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, İngiltərənin "Liverpul" komandası tarixində 6-cı dəfə bu titula sahib olub. Yurgen Kloppun baş məşqçi olduğu kollektiv finalda ölkənin digər təmsilçisi "Tottenhem"i məğlubiyyətə uğradıb - 2:0. Hesabı 2-ci dəqiqədə Məhəmməd Salah açıb. Sloveniyalı referi Damir Skomina matçın əvvəlində topun Mussa Sissokonun əlinə dəyməsi səbəbindən penalti təyin edib. Misirli hücumçu bu imkandan lazımınca yararlanıb. Bu, Çempionlar Liqasının final oyunlarında vurulmuş üçüncü ən sürətli qol olub. Salah 108-ci saniyədə fərqlənibsə, 1959-cu ildə İspaniya "Real Madrid"inin oyunçusu Enrike Mateos Almaniya "Ayntraxt"ını 7:3 hesabı ilə yendikləri görüşün 60-cı, 2005-ci ildə isə İtaliya "Milan"ının müdafiəçisi Paolo Maldini elə "Liverpul"la əsas vaxtı 3:3 hesabı ilə nəticələnən görüşün 51-ci saniyəsində fərqlənib.
Oyunda son nöqtəni isə 87-ci dəqiqədə Divok Origi Joel Matipin ötürməsindən sonra qoyub.
Beləliklə, "Liverpul" 1977, 1978, 1981, 1984 və 2005-ci ildən sonra yenidən Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. "Qırmızılar" 14 avqust 2019-cu ildə Türkiyənin İstanbul şəhərindəki "Wodafone Park"da keçiriləcək UEFA Super Kuboku matçında Bakıda Avropa Liqasının qalibi olmuş İngiltərənin digər təmsilçisi "Çelsi" ilə üz-üzə gələcək.
*** 23:02.
UEFA Çempionlar Liqasında İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları arasında Çempionlar Liqasının final oyunu start götürüb.
Sportnet.az xəbər verir ki, komandalar meydana aşağıdakı start heyəti ilə çıxıblar...
"Tottenhem": 1. Uqo Lyoris, 2. Kiran Trippye, 3. Denni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 7. Hyunq-Min Son, 8. Harri Uinks, 10. Harri Keyn, 17. Mussa Sissoko, 20. Dele Alli, 23. Kristian Eriksen
"Liverpul": 13. Alisson Bekker, 3. Fabinyo, 4. Vircil van Deyk, 5. Jorjinyo Veynaldum, 9. Roberto Firmino, 10. Sadio Mane, 11. Məhəmməd Salah, 14. Cordan Henderson (kap.), 26. Endi Robertson, 32. Joel Matip, 66. Trent Aleksander-Arnold
Oyun İspaniya millisinin sabiq futbolçusu Xuan Antonio Reyesin avtomobil qəzasında ölümü ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
Qeyd edək ki, oyun İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilir. Görüşü sloveniyalı Damir Skominanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
Çempionlar Liqası
Final
23:00. "Tottenhem” (İngiltərə) – "Liverpul” (İngiltərə) - 0:2
Qollar: Məhəmməd Salah, 2 (pen.); Divok Origi, 87
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
VAR hakimləri: Danni Makkeli, Pol van Bukel Feliks Tsvayer
VAR-da oyundan kənar vəziyyət hakimi: Mark Borş
Madrid. "Vanda Metropolitano" stadionu.
--------------------------
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) qalibi müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin finalında İngiltərənin "Tottenhem” və "Liverpul” komandaları qarşılaşacaq.
Hər iki kollektiv həllediici matça yarımfinalda geridönüş edərək yüksəlib. "Tottenhem" evdə 0:1 hesabı ilə məğlub olduğu Hollandiya "Ayaks"ını səfərdə 3:2 hesabı ilə üstələyib. "Liverpul" isə ilk görüşdə səfərdə İspaniya "Barselona"sına 0:3 hesabı ilə məğlub olsa da, doğma azarkeşləri önündə kataloniyalıların qapısından 4 cavabsız top keçirməyə nail olub.
İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunacaq görüş yarışın 64-cü finalı olacaq.
"Liverpul” ÇL-də iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. İngiltərə klubu 3 dəfə UEFA Kubokunu (1973, 1976, 2001) və eyni sayda UEFA Super Kubokunu (1977, 2001, 2005) əldə edib. "Liverpul” 2006-cı ildə Avropa Liqasının, 1974 və 1978-ci illərdə UEFA Super Kubokunun, 1966-cı ildə Kuboklar Kubokunun, 1981 və 1984-cü illərdə isə Qitələrarası Kubokun həlledici görüşündə məğlub olub.
Sonuncu dəfə ötən mövsüm turnirin finalında İspaniya "Real Madrid"i ilə qarşılaşan "Liverpul" 1:3 hesabı məğlub olub. Sonuncu dəfə "mersisaydlılar "Türkiyənin İstanbul şəhərində baş tutan dramatik matçda İtaliyanın "Milan” komandasında qalib gəlib. (3:3, pen. 3:2).
"Tottenhem" Çempionlar Lİqasını qazanarsa, bu titulu qazanmış 23-cü komanda olacaq. London təmsilçisi avrokuboklarda indiyədək 8 dəfə İngiltərə klublları ilə qarşılaşıb. Komanda bunların 4-dən qalib arılıb, 3 görüşdə isə məğlub olub, 1 görüş isə heç-heçə yekunlaşıb.
Bu qarşılaşma komandaların tarixləri ərzində 170-ci dueli olacaq. "Liverpul" 79, "Tottenhem" isə 48 dəfə qələbə qazanıb. 43 matçda isə qalib müəyyənləşməyib. "Mersisaydlılar" son 14 görüşdə finaldakı rəqibinə sadəcə 1 dəfə məğlub olub. Cari mövsümdə "Liverpul" "Tottenhem"i İngiltərə Premyer Lİqasında hər 2 görüşdə mğlub edib (2:1, 2:1). Komandalar avrokuboklarda bir dəfə 1972-1973 mövsümündə yarımfinalda qarşılaşıb. "Liverpul" 2 görüşün nəticəsində səfər qolu ilə finala yüksəlib və kuboku qazanıb.(1:0, 1:2).