
Elşən MƏMMƏDOV
İdman jurnalisti üçün həftəsonu, gecə-gündüz söhbəti ola bilməz. Bu, jurnalistikanın idman sahəsinin yazılmamış qanunudur.
Əvvəllər həftəsonları çempionat oyunları olurdu, 8 klubun "möhtəşəm mücadiləsi"nə başımız qarışırdı. Bu dəfə isə dəyərli həmkarımız, hamımızın sevimlisi, ATV telekanalının İdman Departamentinin rəhbəri İlkin Xəlilovun üzləşdiyi problemə qarşı səfərbər olduq. Bazar gününü ona və onlarla dəstək statusları ilə açdıq, qısa müddətdə məsələ ictimailəşdi, ciddi reaksiyalar verildi. Ertəsi gün isə telekanal açıqlama yaymaq zorunda qaldı.
Əslində tənqidi fikirlərin İlkinə nə zamansa problem yaradacağını bir çoxumuz düşünə bilərdik. Reytinqli telekanalın efirindən sözlərini çəkinmədən lazımi ünvanlara çatdıran tanınmış idman yazarına təpkilərin gəldiyini də ara-sıra eşidirdik. Son olaraq, Lixtenşteynə məğlubiyyətə görə ATV rəhbərliyinin ona ciddi iradlar bildirməsi və süjet-paylaşımını sosial şəbəkələrdən sildirmək cəhdindən də xəbərdar idik. Amma məsələni işdən çıxarılma həddinə çatdırmağı ölkənin ən sayılıb-seçilən televiziyasına çoxları yaraşdırmazdı. Xüsusən, İlkini tanıyanlar onun belə münasibətə layiq olmadığını çox gözəl bilirdilər. Nə yazıq ki, ATV rəhbərliyi bunu da etməyə cəhd göstərdi. Qarşısında isə təkcə idman jurnalistlərini deyil, onsuz da milli komandanın uğursuzluqlarından bezən azarkeşləri, futbol ictimaiyyətinin fəallarını gördü.
Bu gün sular nisbətən durulmağa başladı. ATV bəyanat yaydı, telekanalın prezidenti Azər Xəlilov açıqlama verdi. Təbii ki, təkzib etdilər. Amma bu təkzib daha çox təsdiqə bənzəyirdi. Bunu AFFA-nın və ATV-nin təkziblərini müqayisə edəndə açıq görmək olar.
AFFA-nın təkzibində bildirilir ki, qurum hər zaman konstruktiv tənqidə normal yanaşıb. Bu günə qədər İlkin Xəlilovun konstruktiv sujetlərinə də öz tərəflərindən heç vaxt mənfi fikir səsləndirilməyib.
ATV-nin bəyanatında da İlkin Xəlilovun məlum süjetinə normal yanaşdıqları və hər hansı sərt cəza tədbiri görülmədiyi vurğulanıb. Amma bununla yanaşı, qeyd edilib ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirirlməməsi mühüm şərtlər sırasına daxildir.
Bax, elə bəyanatın bu hissəsi əslində jurnalist həmkarımızın təzyiqlə üzləşdiyini, məsələnin işdən çıxarılma həddinədək böyüdüyünü dolayısı ilə təsdiqləyir.
Bir çox böyük media qurumlarında idman sahəsinə barmaqarası yanaşılır, idman jurnalistləri digər sahələrin jurnalistlərindən daha aşağı pillədə görülür, əmək haqlarınadək onlara fərq qoyulur. Hətta "Futbol+" qəzetinə maliyyə yardımı ayırmayacaq dərəcədə ayrıseçkilik edildiyinə dair nümunə ilə də rastlaşmaqdayıq. Belə acı həqiqətlər heç kimə sirr deyil. Telekanallarda isə vəziyyət dözülməz həddə çatıb. Əksər ictimai-siyasi TV-lərdə yarım saatlıq idman verilişi üçün belə efir ayrılmır. Ayrılanda da "Futbol saatı" kimi reytinqli veriliş gecə saatlarında efirə buraxılır.
ATV-də isə İlkin Xəlilov, Sənan Şəfizadə kimi istedadlı idman jurnalistləri olduğu halda, onlara axşam xəbərlərinin yekununda cəmi 2-3 dəqiqə yer verilir. Qısa vaxtdan səmərəli istifadə edərək, tənqidi süjetlər efirə verməyə hazırlaşanda qarşılarına sədd çəkirlər. Dözümlülüyün də bir həddi var. Görünür, ATV rəhbərliyi idman şöbəsinin işini "dar çərçivə"yə saldıqdan sonra barmaq silkələməklə də yoluna qoyacağını düşünübmüş...
Amma yəqin, düşünməyiblər ki, bunun adı dövlətin idman siyasətinə, ölkədə idmanın inkişafı istiqamətində görülən işlərə qarşı çıxmaqdır. Eyni zamanda Milli Olimpiya Komitəsinə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevin hər sahədə olduğu kimi, idmanda da atdığı addımlara belə yollarla zidd getməyin özü qəbulolunmazdır.
ATV İlkini sıxışdırmaqdansa qorumalı idi. Ən azından, idman jurnalistikasında 20 ildir, telekanalda isə az qala yaranandan - 17 ildir saç ağartdığını nəzərə almalı idi. Lakin Azər Xəlilov həmsoyadı olan əməkdaşını bada verməyə belə özündə cəsarət, daha doğrusu, cəsarətsizlik tapdı.
Əvəzində İlkin dəstəksiz qalmadı. Ona tanıyan da, tanımayan da sahib çıxdı. Son iki gündə yaşananlar insanların həqiqətin, dəyərlərin yanında olduqlarını göstərdi. Və bir də özlərini dəyərsizləşdirənləri...