"İlk növbədə, rəqibi təbrik edirəm. Komandamız oyuna yaxşı başladı, kifayət qədər şansımız var idi. Erkən qol vurduq. Daha sonra rəqib qapıçı çox yaxşı performans sərgilədi. İlk hissənin sonuna doğru həyəcanlı oynamağa başladıq. İkinci hissədə isə rəqib daha yaxşı idi. Azarkeşlərin də dəstəyi ilə yaxşı çıxış etdilər və bərabərlik qolunu vurdular. Əlbəttə, bu, məyusedicidir. Lakin vəziyyəti qəbul etməli və növbəti görüşlərə hazırlaşmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə matçından sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis bildirib ki, oyunçu dəyişikliklərini erkən etsəydi, nəticəyə təsir edə bilərdi: "Ante Rebiçin ilk hissədə 2 qol imkanı vardı. Ancaq onu əvəzləmədim, inandığımı göstərmək istədim. Növbəti qolu vura bilmədik. Rəqib isə layiq olduğunu bərabərlik topunu vurmağı bacardı. İvan Rakitiçlə bağlı Davor Şukerin dedikləri ilə razıyam. O, növbəti görüşlərdə komandaya kömək edəcək".
Daliç Azərbaycan millisinin futbolçuları ilə bağlı da fikirlərini bölüşüb: "Yəqin ki, onlar burada xoşbəxtdilər deyə, xaricə getməyiblər. Azərbaycanla ilk matçımızdan sonra növbəti görüşlərdə xal qazanacaqlarına inanırdım. Bunu bacarmamaları qəribədir. Burada yenə xal itirdik. Amma heç bir stadionu cəhənnəm adlandırmazdım".