"Qalib gələ bilərdik. Diqqətsizlik üzündən qələbəni əldən verdik".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Rövlan Muradov səfərdə "Səbail" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 21 yaşlı yarımmüdafiəçi son oyunlarda fərqli təsir bağışlamalarını belə izah edib: "Sadəcə, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetiririk. Baş məşqçimiz bizə tapşırıq verib ki, yalnız ötürmələrlə oynayaq və qollar vuraq. Yəni, taktikada dəyişikliklər var. Komandadakı vəziyyət də müsbətə doğru dəyişir. İstək və əzmkarlığı daha da artırmaq istəyirik ki, gələcək oyunlarda da qələbə qazana bilək".
Qeyd edək ki, Rövlan Muradov Səbail"lə görüşdə "Qəbələ"nin 17-ci dəqiqədə vurduğu qolun müəllifi olub. 68-ci dəqiqədə isə Mirabdulla Abbasov fərqlənərək, bərabərliyi təmin edib.