
"Bir neçə tur idi ki, uduzmurduq. Bu oyuna yaxşı motivasiyada çıxmışdıq. 3 xal qazanmaq istəyirdik. Səhvlərimiz isə həlledici oldu. Medallar üçün oynayan komanda belə səhvləri etməməlidir". Sportnet.az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın V turunda "Qarabağ"a məğlub olduqları (0:3) oyundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis bildirib ki, ilk qolda telesizlik yaşayıblar: "İkinci qolda da bəxtimiz gətirmədi. Müdafiə ilə bağlı səhvlərin üzərində işləməliyik. Oyunumuzu daha da təkmilləşdirəcəyik". Gənc məşqçi bir neçə zədəli oyunçularının olduğunu vurğulayıb. Abasov deyib ki, "Qarabağ"ı məğlub edə bilərdilər: "Rəqibi məğlub edə bilərdik. Onlar ikinci hissədə top itirməyə başladı. Son beş gündə ikinci oyuna çıxmışdılar. Buraxdığımız qollar planlarımızı pozdu".