
"Azərbaycana gəlməsəniz burada nəyin baş verdiyini anlamarsınız. Çox yaxşıdırlar. Bir həqiqəti deyim ki, bura ilə bağlı ağlımda olanlar tamam başqa idi və hamısı dəyişdi".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Zirə" klubunun futbolçusu Anastasios Papazoqlu gazzetta.gr saytına müsahibəsində deyib. 31 yaşlı müdafiəçi Bakının gözəl şəhər olduğunu bildirib: "Burada olduğum üçün çox şadam. Həyat keyfiyyəti çox yaxşıdır. Hər yerdə inkişaf var. Belə davam edərsən, 4-5 il sonra Dubaya çeviriləcəyini düşünürəm".
Yunanıstanlı oyunçu şəhərdəki insanların ona qarşı xoş rəftarından da söz açıb: "İlk andan buradakı insanlar məni rahat hiss etdirdilər. Hər gün mənə kömək edirlər. Deyə bilərəm ki, asanlıqla uyğunlaşdım".
Papazoqlu çempionatın səviyyəsi və şəxsi hədəfləri ilə bağlı da danışıb: "Bura Yunanıstandan fərqlidir. Ancaq səviyyə daim yüksəlir. Yunanıstanda zəif olan təşkilatçılıq burada yaxşıdır. Şəxsi hədəflərim komandanın çempionatı ilk "dördlük"də başa vurmasına kömək etməkdir. Buna görə komandaya gəldim. Avropada çıxış etmək niyyətindəyik. Komandanın məqsədi budur".
Müdafiəçi "Yunanıstana qayıtmağı düşünürsünüzmü" sualına belə cavab verib: "Hazırda belə düşünmürəm. Bu, mənim planlarıma daxil deyil. Ancaq heç vaxt gələcəkdə nələrin baş verə biləcəyini bilmirsən".
Qeyd edəkk ki, Anastasios Papazoqlu bu ilin yayında "Zirə" ilə bir illik müqavilə imzalayıb. O, karyerası ərzində Kiprin APOEL və ölkəsinin "Olimpiakos" klubunun da formasını geyinib.