
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsinin III qrupunda son oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən oyun qrup birincisinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub. Azərbaycan yığması rəqibini məğlub etməklə (2:0) qrupu birinci pillədə başa vura bilib.
Görüşdə hesab 29-cu dəqiqənin 21-ci saniyəsində açılıb. Braziliyalı legioner Bonilya Azərbaycan millisini önə keçirib. 34-cü dəqiqənin 38-ci saniyəsində digər braziliyalı oyunçu Vassoura fərqi iki topa çatdırıb.
Qeyd edək ki, ilk iki turda Slovakiya və Azərbaycan milliləri qələbə qazanmaqla elit-raunda vəsiqəni öncədən təmin ediblər. Yığma birinci turda Moldovanı 3:1, II turda isə Monteneqronu 3:2 hesabı ilə üstələyib.
-------------------
Bu gün futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsinin III qrupunda son oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 20:00-da başlayacaq və İdman TV ilə canlı yayımlanacaq. Görüşü Ondrjey Çernı (Çexiya), İnqus Purinş (Latviya) və İnqo Hemsotdan (Almaniya) ibarət hakimlər briqadası idarə edəcək.
İlk 2 turdan sonra Slovakiya və Azərbaycan milliləri hərəyə 6 xalla qrup lideridirlər. Hər iki komanda elit-raunda vəsiqəni təmin edib. Bugünkü matç qrup liderinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq.
Azərbaycan - Slovakiya - 2:0
Qollar: Bolinya, 29; 21. Vassura, 34;38