
"Keşlə"nin futbolçusu Ruslan Əmircanov özü və hazırda klubsuz olan dostu Kamran Ağayevin oynamamasının səbəbini açıqlayıb.
34 yaşlı müdafiəçi Sportnet.az-a bildirib ki, meydana çıxması baş məşqçi Tərlan Əhmədovun qərarından asılıdır.
"Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Meydana buraxsa, əlimdən gələn köməyi edəyəcəm. Öz fikridirsə, oynatmırsa və daim ehtiyat oyunçular skamyasında otururamsa, bu, o demək deyil ki, zəifəm və ya özümü kimdənsə zəif sayıram. Meydana çıxsam, Əmircanovun qocalmadığını sübut etməyə çalışacağam. Yəni, şir elə həminki şirdir" deyə təcübəli cinah oyunçusu vurğulayıb.
Əmircanov qapıçı Kamran Ağayevlə mütəmadi görüşüb-danışdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan millisinin sabiq qolkiperi hələ formada deyil: "Onun bəzi problemləri var, buna görə futboldan bir az uzaqdadır. "Qara zolaq" deyirlər, bu dəqiqə elə bir vəziyyətdədir. Amma yenə də öz üzərində çalışır, fərdi məşqlər edir. İndi danışıqlar aparsa da, hələ tam formada olmadığı üçün razılıq verə bilmir. Belə vəziyyətdə xarici komandaya getməsi onun özü üçün pisdir. İnanıram ki, qışda hansısa komandaya gedəcəyini eşidəcəksiniz. Bir-iki variantı var, hələlik açıqlamaq istəmirəm. Hələ gücü var, oynayacaq. Düzdür, zədəsi var idi, amma hazırda öz üzərində çalışır ki, formadan düşməsin".
Qeyd edək ki, Kamran Ağayev sonuncu dəfə elə "Keşlə"də çıxış edib. O, yeni mövsümdən etibarən heç bir komandada oynamır.