Vüqar MƏMMƏDOV
Qurban Qurbanov Azərbaycan yığmasında oynayıb, Azərbaycanda məşqçi lisenziyası alıb və Azərbaycandan kənarda işləməyib. Tomas Doll isə Almaniya yığmasında oynayıb, Bundesliqa klublarında işləyib, lisenziyasını da Almaniyada alıb. Onun futbolçu və məşqçi karyerasına baxanda adamın başı hərlənir. Bütün bunlara baxıb hər iki məşqçini müqayisə etsək məntiqlə Doll Qurbanovdan taktiki cəhətdən üstün olmalıdı və bu normal qarşılanmalıdı. Çünki yetişib formalaşdıqları ölkələrinin futbolunda yerlə göy qədər fərq var. Amma...
Taktiki cəhətdən Qurbanov Dolla nədə uduzdu? Biri mənə izah edə bilərmi? Qapıya zərbələrdə “Qarabağ” üstün idi, təhlükəli qol anlarında da. Rəqibin daha çox həmlə etdiyi Ayltonun cinahı əvvəlki oyunlardakından yaxşı bağlanmışdı. Komandamız öndə pressinq tətbiq edirdi və bunun nəticəsində irəlidə təhlükəli vəziyyətlər yaradırdı. Bəs hansı taktiki gedişdə uduzdu? Söhbət ev tapşırığından vurulan künc zərbəsi qollarından gedirsə “Qarabağ” da ev tapşırığı hazırlamışdı. Birini qolla nəticələndirə bildi, digəri alınmadı. Rəşad Sadıqovun Azərbaycansayağı künc zərbəsinə bənzər epizodu deyirəm. Yaxşı bəs hansı taktiki gedişdə uduzdu?
Rəqib rəngarəng, müxtəlif formalı hücumlar qurub, 10-15 qol vəziyyəti yaratsaydı, “Qarabağ”a hər hansı qol şansı verməsə idi, onda deyərdik ki, Qurbanov Dolla taktiki cəhətdən uduzdu. “Qarabağ”, “Qalatasaray”ın “Real Madrid” qarşısında aciz qaldığı kimi APOEL qarşısında aciz qalsaydı deyərdik ki, oyunçu potensialına görə zəifdi. Amma bu da olmayıb.
Oyunçunun yaradılan qol imkanlarını dəyərləndirə bilməməsi məşqçinin taktiki səhvi deyil! Maqaye Geyenin topa vurmaq əvəzinə yıxılması, Miçelin başla, ayaqla vurduğu zərbələrin qol olmaması, Abdullah Zubirin təkbətəkə gedərkən topu ram edə bilməməsi məşqçinin taktiki səhvi sayıla bilməz! Oyunqabağı Mahir Emrelinin, oyun zamanı Dani Kintananın, Miçelin zədələnməsi və bu səbəbdən tam oynaya bilməmələri məşqçinin taktiki səhvi sayıla bilməz!
Bütün bunlar, oyunçuların zədələnməsi, imkanlardan istifadə etməmək, zəncirvari şəkildə komandanın əleyhinə davam edirsə bunun adı taktiki səhv deyil. Nədirsə başqa bir şeydir. Məhz futbol buna görə baxılır, sevilir. Elə şeylər var ki, izah etmək olmur. Sən vərəqin üstündə bütün gücləri müqayisə edib doğru bildiyin nəticəni çıxara bilərsən, hər şeyi analiz edib tədbirini görə bilərsən. Amma oyun gələndə elə gözlənilməz şeylər baş verir ki, izah etmək mümkün olmur.
Bir komanda uduzubsa, deməli, bütün heyət uduzub, o cümlədən, baş məşqçi. Amma bu cür uduzmağın adı hər nədirsə, taktiki cəhətdən deyil.