Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Uels yığmasını qəbul edib. "Bakcell Arena"da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb. Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.
Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib. Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. E qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki son oyununu noyabrın 19-da Trnavada Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
---------------------------------_--
Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq matç saat 21:00-da start götürəcək.
5 komandalı E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirib. Hazırda Uels 8 xalla 4-cü pillədə yer alıb. Azərbaycan 1 xalla sonuncu pillədə qərarlaşıb və final mərhələsinə yüksəlmə şanslarını itirib. Qalan 4 komandanın isə mərhələ şansları qalır.
Uels millisi qrupda ilk 2 yerdən birini tutmaq üçün əvvəlcə Bakıda Azərbaycan yığmasını, 3 gün sonra isə Kardiff şəhərində Macarıstanı yenməlidir. Üstəlik, 10 xalla 3-cü sırada olan Slovakiya Xorvatiya ilə səfər, Azərbaycanla ev qarşılaşmalarında ən azı 1-də xal itirməlidir.
Azərbaycan millisi oyuna itkilərlə çıxacaq. İspaniya "Albasete"sindən dəvət olunmasında texniki problem yarandığı üçün Eddi İsrafilov Uelslə görüşdə iştirak etməyəcək. O, yalnız Slovakiya ilə səfər matçının hazırlıqlarına qatıla biləcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdən çıxarılıb.
Uels millisində isə qapıçı Denni Uord və müdafiəçi Nil Teylor şəxsi işləri, hücumçu Tom Lourens xəstələnməsi səbəbindən Bakıya səfər edəcək heyətdən çıxarılıb. Əvəzində Aaron Remzi cari seçmə tsiklə ilk dəfə yığmanın düşərgəsində yer alıb. Qaret Beyl də zədəsini bərpa etdiyi müddətdə İspaniya "Real Madrid"ində forma geyinmədiyi halda, millinin toplanışına qatılıb.
Bu, iki komanda arasında 8-ci qarşılaşma olacaq. Əvvəlki görüşlərin yalnız 1-də - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarıb - 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıb.
AVRO-2020
Seçmə mərhələ, E qrupu
21:00. Azərbaycan – Uels - 0:2
Qol: Kiffer Mur, 10. Harri Uilson, 34
Baş hakim: Deniz Aytekin, Eduard Beytinger, Rafael Foltin, Kristian Dingert (hamısı Almaniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Mark Bos (Niderland)
Bakı, “Bakcell Arena”.