Azərbaycan millisi niyə 24 ildən sonra seçmə tsikli cəmi 1 xalla başa vurdu?
Bunun səbəbi üçün o illərə yox, elə 5 il əvvələ boylanmaq yetər.
Hər şey ondan başladı ki, millimiz AVRO-2016-nın seçmə mərhələsinin ilk 3 oyununun hamısını uduzdu. Xorvatiya yığmasına 0:6 hesablı məğlubiyyətdən sonra isə AFFA rəhbərliyi baş məşqçi Berti Foqtsla yollarını ayırmağa qərar verdi. Müvəqqəti baş məşqçi Mahmud Qurbanov Norveçlə növbəti oyunu da yola verərək 4-cü məğlubiyyəti həzm etdirdikdən sonra komandamız Robert Prosineçkiyə tapşırıldı.
Prosineçkinin qarşısında 3 ayadək vaxt var idi ki, millini hazırlasın və Malta ilə növbəti oyuna çıxarsın. Hamı həyəcan içində idi. Komandaya inam və ümidlər o dərəcədə azalmışdı ki, hətta "cırtdan" ölkə ilə də bacarmayacağımızdan ehtiyatlanırdıq. Baxmayaraq ki, bu görüş doğma meydanda olacaqdı...
Prosineçki isə kollektivi cəmlədi, oyunu "Bakcell Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna saldırdı, "Malta nə komandadır ki, onu da uda bilməyək?" deyərək, futbolçuları döyüşə atdı. Həmin matçda millinin necə mübarizə apardığını, necə inamlı qələbə qazandığını indi də xatırlayırıq. Bu qələbə kollektivin özünəinamını qaytardı. Ardınca Norveç və Malta ilə səfər, Xorvatiya ilə ev heç-heçələri gəldi. Beləliklə, seçmə tsikl 6 xalla başa vuruldu.
Növbədə DÇ-2018-in seçmə mərhələsi idi. Bu dəfə də Prosineçkinin rəhbərliyi altında millimiz ardıcıl uğurlar əldə etməyə başladı. 3 oyuna 7 xal toplayan yığma yalnız 4-cü matçında Şimali İrlandiyada məğlubiyyət acısı yaşadı. Həmin vaxt milli ilə bərabər klublarımız da tarixinin ən yaxşı dövrlərini yaşayırdı. "Qarabağ"la yanaşı, "Qəbələ" də ardıcıl ikinci mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bununla belə, 2016-cı ilin ən yaxşı komandası adına İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasındakı sorğusunda Azərbaycan millisi layiq görüldü.
2017-ci ildən isə Prosineçki ətrafında söz-söhbətlər ortaya atılmağa başladı. Xorvatiyalı mütəxəssisə xarici komandalardan, xüsusən, Türkiyənin "Bursaspor" klubundan təkliflər gəldiyinə dair xəbərlər yayıldı. Millimizə özünü təsdiqləmək üçün gələn xorvatiyalı mütəxəssis artıq buna nail olduğunu düşünürdü. Meneceri Yaşar Çalışır digər təklifləri dəyərləndirə biləcəklərini deməklə, AFFA ilə yeni şərtlərlə müqavilə bağlamaq istəklərini ortaya qoyurdu.
Bax, o zaman milli assosiasiya rəsmiləri Prosineçkini danışıqlar masasına dəvət edib, yeni müqavilə təklif etməli idi. Çünki mövcud sözləşmənin bitiminə aylar qalırdı və baş məşqçinin digər təklifləri nəzərdən keçirməsi normal idi. Belə mütəxəssisi əldən qaçırmaq olmazdı.
Amma belə bir təklif olmadı. Nəticədə milli komanda yalnız San-Marino üzərində qələbə ilə kifayətlənərək, qalan 5 qarşılaşmadan məğlub ayrıldı. Daha sonra Prosineçki istefaya göndərildi.
Bu ərəfələrdə "Qarabağ" tarixində ilk və hələlik yeganə olaraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Hamı, o cümlədən, əksər jurnalistlər Qurban Qurbanovun baş məşqçi postuna gətirilməsini az qala tələb edirdilər. Qarşıdan 4 oyunu Bakıda keçiriləcək AVRO-2020-yə hazırlıq dövrü başlayırdı. Tarixi vəsiqəni əldə etmək üçün gözəl şans da yaranmışdı. UEFA sanki Millətlər Liqasını Azərbaycan üçün düşünüb ortaya qoymuşdu ki, 12 ev sahibindən biri kimi öz komandası ilə də təmsil olunsun. Komandamızın özü isə bəlkə də məhz D Liqasında çıxış etmək üçün DÇ-2018-in seçmə mərhələsindəki son oyunlarda məğlub olmuşdu. Təsadüfi deyil ki, Millətlər Liqasının püşkü atılarkən, millimiz ən zəif liqanın reytinq favoriti idi.
Beləliklə, Qurban Qurbanov Azərbaycan millisinin də sükanı arxasına gətirildi. Qarşıdan isə D Liqasında Kosovo, Malta və Farer adaları ilə Millətlər Liqasının oyunları gəlirdi. Həmin oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışları da, yoldaşlıq görüşləri də təşkil olundu. Amma hədəfə çatmaq mümkün olmadı. Qrupda birinci yeri son matçında Azərbaycanı 4:0 hesabı ilə yenən Kosovo tutdu. Millimiz isə təkcə bu məğlubiyyətə görə yox, məhz Malta ilə 2 heç-heçəyə görə qrupda qaldı. Millimizə baltanı Kosovo deyil, Malta vurdu!
Belə imkandan yararlana bilməyən yığmadan AVRO-2020-yə vəsiqə gözləmək olardımı? Özü də seçmə mərhələdə rəqiblərin Xorvatiya, Uels, Slovakiya və Macarıstan kimi yığmalar olsun. Maltanı uda bilməyən komandanın Avropa çempionatında nə işi var idi? Ən zəiflər arasında da birinci ola bilməyən yığma sınıxmış vəziyyətdə belə rəqiblərlə necə bacaracaqdı? İstəyir, Nikola Yurçeviçi yox, lap ən güclü baş məşqçi gəlsin...
Bax, budur son 5 ilin tarixçəsi. 25 il əvvələ boylanmağa gərək yoxdur. Elə yaxın tarixə nəzər salmaq kifayətdir. Tarix məhz ən düzgün nəticəni çıxarmaq üçündür!