
"Gözlənilməz oyun oldu. Bura qələbə üçün gəlmişdik. Heç də pis oyun sərgiləmədik. Sona doğru top buraxaraq uduza da bilərdik. Ona görə də nəticədən razıyam".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko səfərdə "Səbail" klubu ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Braziliyalı hücumçunun sözlərinə görə, "ASCO Arena"da meydanın süni örtüklü olması oyun keyfiyyətinə təsirsiz ötüşməyib: "Çünki komandamız təbii örtükdə məşq edərək oyun keçirməyə öyrəşib. Uzun müddət idi ki, süni örtükdə məşq etmirdik. Özümün də yüngülcə qorxum var. Çünki məhz süni meydanda oynadığım vaxt çarpaz bağlarım qırılmışdı. Süni örtük oyunun sürətinə də təsir edir, topu yavaş ötürmək istəsən də, sürətlə gedir".
Frederiko "Neftçi"nin sabit nəticələr göstərə bilməməsinə də toxunub. Onun sözlərinə görə, oyun sarıdan çatışmazlıqları yoxdur: "Hər matça qələbə üçün çıxırıq. Ötən qarşılaşmada "Qəbələ" üzərində böyük hesablı qələbə qazanmışdıq. Bu gün də 3 xala köklənmişdik. Sadəcə, yaratdığımız imkanları qola çevirə bilmədik. Problem yalnız bunda idi".
Qeyd edək ki, hazırda "Neftçi" 22 xalla "Keşlə" ilə birgə 2-3-cü yerləri bölüşür və lider "Qarabağ"dan 5 pillə geri qalır. Lakin Ağdam komandası hesabat turunun oyununa dekabrın 2-də çıxacaq.