"Oyunun ağır olacağını bilirdim. Bu meydanda ilk dəfə uduzduq. Bəzi əsas futboluçularımız yox idi. Con Kamaranın səhhətində problem var. İndi müayinə olunur. Həkimlər problemi müəyyən etməyiblər. Ruslan Qurbanov da zədəlidir. Futbolçular mübarizə apardılar. Bundan razı qaldım. Geridə qalanlar bizim üçün təcrübə olmalıdır. İli məğlubiyyətlə başa vurmaq istəmirdik. Nəticə çıxarıb irəli baxmalıyıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində heyətdə bəzi dəyişikliklər olacaq: "Bir hücumçu axtarırıq. Ola bilər ki, üçüncü transfer də reallaşsın. Artıq bir keçidi rəsmiləşdirmişik. Özbəkistanlı Şohruh Qadoyev komandadadır".
Əhmədov komandadan göndəriləcək oyunçuların adlarını açıqlamaq istəməyib.