"Geniş danışası bir şey yoxdur. Pis olan odur ki, evdə böyük hesabla uduzduq. Təəsüf ki, mübarizəsiz təslim olduq. Ən böyük problem budur. Turnir cədvəlinə baxanda hazırda 5-ciyik, kubokda isə yarımfinal oynayacağıq. Təslim olmaq fikrimiz yoxdur. Bu oyuna görə hansı tədbirlər lazımdırsa, komandanın içində özümüz görəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ən böyük problem komandanın son 2 oyunda 3 dəfə qırmızı vərəqə almasıdır: "Yəqin, qələbə istəyi çoxdur. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun".
Həşimov oyunun gedişində "Zirə" azarkeşlərinin onu istefaya səsləməsinə də münasibətini açıqlayıb: "Azarkeşin istefa tələb etməsi normaldır. Onlar qələbə gözləyirlər. Səhv etmirəmsə, “Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Çünki qələbə gözləyirlər. Onlara deyəsi bir söz yoxdur".