"Çətin oyun olacaq. Cəzalı futbolçularımızın olmasına baxmayaraq, komanda olaraq oyuna tam hazırıq. Çalışacağıq ki, evdə keçirdiyimiz oyunda xal qazanaq".
Sportnet.az-ın məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov evdə Polşa ilə keçirəcəkləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib. Gənc mütəxəssis rəqibin gücünün hamıya bəlli olduğunu bildirib: "Polşa yığması qrupun ən güclü komandası İspaniya ilə evdə 0:0 hesablı heç-heçə edib. İspaniyanın qadın futbolunda hegemon olması heç kimə sirr deyil. Polşa millisi də onlardan geri qalmır. Heyətində Avropanın aparıcı klublarında çıxış edən futbolçuları var".
Əsgərov rəqibin oyun üslubundan da danışıb: "Polşanın qrupda keçirdiyi oyunları izləmişik. Müdafiədə, hücumda necə oynadıqlarını bilirik. Əsasən sürətli oyuna üstünlük verirlər, uzun ötürmələrdən istifadə edirlər. Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”.
Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək oyun saat 18:00-da başlanacaq.