Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/2020 mövsümündə 10 ev oyununa çıxan “Zirə” öz meydanında 16 qol vurub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qartallar”ın “doğma divarlar” arasındakı məhsuldarlığı 1,60-a bərabərdir. Bu, komanda üçün rekord göstəricidir. “Zirə” mövsüm bərpa edildikdən sonra bu göstəricini qoruya bilsə, rekordu rəsmiləşdirəcək.
Əvvəlki illərdə 2 dəfə evdəki orta məhsuldarlığı 1,50-yə bərabər olan komanda həmin göstəricini arxada qoyur. Həmin rekord gümüş mükafat qazanılan 2015/2016 və avrokuboklara vəsiqə əldə edilən 2017/2018 mövsümlərində qeydə alınıb.
Qeyd edək ki, ümumilikdə 70 ev matçında 92 qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,31-dir.