
Xorvatiyanın “Dinamo” (Zaqreb) futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İqor Yoviçeviç Zaqreb təmsilçisinin sükanı arxasına gətirilib. Yoviçeviç bu postda komandanı ötən həftə tərk etmiş Nenad Belitsanı əvəzləyib.
Belitsa koronavirus pandemiyası zamanı maaşların azaldılmasına razı olmadığı üçün istefaya göndərilmişdi.
Qeyd edək ki, Xorvatiya çempionatı koronavirusa görə dayandırılıb. “Dinamo” 26 turdan sonra ən yaxın izləyicisi “Riyeka”nı 18 xal qabaqlayaraq 65 xalla birinci pillədə qərarlaşıb.