İtaliyanın "Yuventus" klubunun qapıçısı Voytsex Şesninin İngiltərə "Arsenal"ından ayrılmasının səbəbi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı qolkiper "Arsenal Nation"a açıqlamasında siqaret səbəbindən London təmsilçisindən ayrıldığını etiraf edib.
"O vaxt müntəzəm siqaret çəkirdim və baş məşqçi Arsen Venger bunu bilirdi. Sadəcə, soyunub-geyinmə otağında kiminsə siqaret çəkməsini istəmirdi, mən də bunu bilirdim" deyə Şesni vurğulayıb.
Polşalı oyunçu qarşılaşmadakı duyğulara görə matçdan sonra siqarət çəkdiyini deyib: "Soyunub-geyinmə otağının o biri tərəfində olmaq üçün duşun küncündə dayandım. Düşündüm ki, məni heç kim görmür. Siqaret yandırdım. Amma kimsə məni gördü və bunu Vengerə çatdırdı. Bir neçə gün sonra onu gördüm, bunun doğru olub-olmadığını soruşdu, mən də "hə" cavabı verdim. Məni cərimələdi və qısa müddətlik komandadan göndərəcəyini dedi".
Şesni bir neçə həftə sonra komandaya qayıdacağını gözlədiyini, komandadakı yerini almağa çalışıb. O, hətta icarəyə veriləndə Vengeri klubdakı ən yaxşı qapıçı olduğuna inandırmağa çalışıb.
Qeyd edək ki, Voytsex Şesni 2009 - 2017-ci illərdə "Arsenal"da çıxış edib. Şesnı bu müddət ərzində "Brentford" (2009/2010) və "Roma"ya (2015 - 2017) icarəyə verilib. Polşa millisinin üzvü 2017-ci ildən "Yuventus"un formasını geyinir.