"İndiki halda, futbolçu "Müqaviləm bitir, mən gedirəm" deyə bilər. Müqaviləsi bitənlər də kateqoriyalara bölünürlər. Sözləşməsi yekunlaşan, amma icarədə olanlar da var, anlaşması tamamilə yekunlaşanlar da. Üçüncü hal da ola bilər ki, hər hansı futbolçu müqaviləsinin bitiminə 6 ay qalmış başqa klubun müvafiq sənədinə imza atsın".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş meneceri Asif Əsgərov "Xəzər TV"yə müsahibəsində deyib. Klub rəsmisi bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyət tarixdə ilk dəfə baş verir. Bu səbəbdən, hər hansı nümunə və ya təsnifat yoxdur. Nəticədə hər şey fərdi xarakter alıb.
Konkret, "Qarabağ"a gəldikdə, Əsgərov bildirib ki, klub və onun sponsorlarının fəlsəfəsinə əsasən, futbolçular hər zaman razı ayrılıblar. Müqaviləsi davam edənlər isə indiyədək hər hansı problemlə qarşılaşmayıblar: "Ona görə də düşünürük ki, hər hansı futbolçumuza "15-20 gün artıq qal, oyna" desək, bizə ən azı insanlıq cəhətdən problem yaratmayacaqlar".
Eyni zamanda Avropa Klublar Assosiasiyasında İşçi Qrupun sədr müavini postunu da tutan baş menecerin sözlərinə görə, yay transfer pəncərəsi indiki halda avqust və ya sentyabrda açılacaq. Bu səbəbdən, hər hansı futbolçu klubunu dəyişməsi ilə əlaqədar problem yaşamayacaq.
FIFA-nın çempionatlara yanaşması məcburən fərqli olsa da, müqavilələrlə bağlı durum Azərbaycanda da digər ölkələrdəki kimidir: "Ali futbol qurumunun tövsiyəsinə əsasən, gərək avqustun 3-dək çempionatı yekunlaşdıraq. Amma bundan ötrü başlanğıc tarix, qalan 8 tur və kubok qarşılaşmalarının tarixləri müəyyən olunmalıdır ki, futbolçuların müqavilələrinə bitmə tarixini yaza bilək. Normalda futbolçu müqaviləsi iyulun 1-dən iyunun 30-dək olur. Yəni, bu 12 aylıq dövr bir mövsüm sayılır. Ondan sonrakı müddətin hansı dövrü əhatə edəcəyini bildikdən sonra buna uyğun da futbolçularla danışacağıq. Onlara ya əlavə 15 gün, ya 1 ay, ya da 1,5 ay qalacaqlarını deyəcəyik. Yəni, hər birinə ayrı-ayrılıqda baxılması lazımdır".
Qeyd edək ki, Azərbaycanda karantin rejiminin mayın 31-dək uzadılması Premyer Liqanın bərpa vaxtını qeyri-müəyyən saxlayıb.