İspaniyanın "Barselona" klubunun keçmiş prezidenti Joan Qaspart portuqaliyalı futbolçu Luiş Fiqunun 20 il əvvəl "Real Madrid"ə qalmaqallı keçidi barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, "Sport.es"ə açıqlama verən funksioner 48 yaşlı keçmiş yarımmüdafiəçini satqın adlandırıb. O, Kataloniya təmsilçisində prezident seçildiyi gün Fiqunun ona zəng etdiyini xatırladıb.
Qaspartın sözlərinə görə, oyunçu biri Madridə, digəri Barselonaya - iki biletinin olduğunu söyləyib: "Fiqu agentinin "Real Madrid"lə müqavilə bağladığını, özünün də onu imzalamayacağı təqdirdə təxminən 3 milyon avro ödəməli olacağını bildirdi. Agentini yarı yolda buraxmayacağını, lakin "Barselona" pulu ödəsə, qalacağını əlavə etdi. Mən isə dedim ki, məbləği ödəyəcəyik. Fiqu bank zəmanəti ilə sənəd almağı istədi, amma gecə idi, bunu edə bilmədim. Öhdəlikləri götürəcəyimə zəmanət verdim, lakin o, "Real Madrid"ə keçdi. Bu, "Real Madrid"in prezidenti Florentino Peresin çirkli və məkrli hərəkəti idi".
Qeyd edək ki, Luiş Fiqunun "Barselona"dan "Real "Madrid"ə keçidi 2000-ci ildə baş verib. O, 2005-ci ilədək Madrid təmsilçisinin formasını geyinib. Portuqaliyalı oyunçu 1995-ci ildən Kataloniya klubunun şərəfini qoruyub. Yarımmüdafiəçi karyerasını 2009-cu ildə İtaliya "İnter"ində başa vurub.