
Keçmiş futbol hakimi Pavel Stipidi Latviyada matçlara qeyri-qanuni pul qoyuluşları ilə əlaqədar tutulduğuna dair xəbərləri şərh edib.
Sportnet.az-ın məlumatına görə, 63 yaşlı sabiq FIFA referisi heç vaxt totalizatorlarla məşğul olmadığını və xəbəri təəccüblə oxuduğunu bildirib. O, xəbəri yayan jurnalisti heç vaxt görmədiyini vurğulayıb.
İndiyədək Latviyada olmadığını diqqətə çatdıran Stipidi heç kimi onu həbs etmədiyini də dilə gətirib: "Məni Rusiya Premyer Liqasında yaxşı hakimlik edən Sergey Lapoçkinlə əlaqələndirmək tam cəfəngiyyatdır. Həyatım boyu pul qoyuluşları etməmişəm. Hətta kazinolara getməmişəm, kart belə oynamıram".
Krasnodarda yaşadığını deyən keçmiş ədalət təmsilçisinin fikrincə, hər şey Lapoçkinin "Spartak"ın baş məşqçisi Domeniko Tedeskoya Rusiya Premyer Liqasında XXVII turun "Lokomotiv"lə 1:1 hesablı heç-heçə ilə nəticələnmiş oyunu zamanı qırmızı vərəqə göstərməsindən qaynaqlanır: "Mən son 4 ayda evimdən heç yerə çıxmamışam. Lapoçkinlə digər hakimlər kimi tanışam. Hamı məni tanıyır, hər zaman məmnuniyyətlə görüşürük. Heç kimə zəng etmək istəmirəm, bu yalanı müzakirə etməyəcəyəm. Görünür, bu, yalnız belə xəbər yayan yaramazlara lazımdır".
Qeyd edək ki, "Metaratings" nəşri Sergey Lapoçkinin pul qoyuluşlarında şübhəli olduğunu və "bu işi onunla birgə görən" Pavel Stipidinin Latviya polisi tərəfindən saxlanıldığını yazıb. Məsələ ilə əlaqədar UEFA-nın Latviya Futbol Federasiyası ilə birgə araşdırma apardığı bildirilir.