"Komandanın niyə belə oynadığını başa düşmürəm. Futbolçular meydana nə üçün çıxdıqlarını özləri də bilmirlər. Bilmirsən futbol oynamağa çıxırlar, yoxsa vaxt keçirməyə".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov komandanın Azərbaycan Premyer Liqasının IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.
Futbolçuları tənqid edən klub rəsmisi uğursuzluqda baş məşqçi amilinin də rol oynadığını bildirib: "Futbolçularla yanaşı, baş məşqçi də günahkardır. Hətta deyərdim ki, hər şeyə görə o, məsuliyyət daşıyır".
Qurbanovun sözlərinə görə, bu heyətlə çempionluğa oynamaq olar: "Amma hər şey futbolçuların özündən asılıdır. Gərək, can qoysunlar. Bir oyunla heç nə həll olunmur. Meydana çıxdınsa, hər şeyi yaddan çıxarmalı və sonadək mübarizə aparmalısan. Futbolçularda "Neftçi" qüruru, o istək yoxdur. Onlar dərk etməlidirlər ki, başqa klubda deyil, "Neftçi"də oynayırlar".
Qeyd edək ki, 9 turdan sonra 14 xalı olan "Neftçi" 4-cü pillədə qərarlaşıb.