UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalın cavab oyunlarından sonra İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Vilyarreal" komandaları həlledici qarşılaşmaya vəsiqə qazanıblar.
"Qırmızı şeytanlar" İtaliya "Roma"sını mübarizədən kənarlaşdırıb. Evdəki ilk matçda 6:2 hesablı qələbə qazanan Mançester təmsilçisi cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, adını finala yazdırıb. Qarşılaşmada hesabı 39-cu dəqiqədə Edinson Kavani açıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb. Fasilədən sonra fəallığı artıran "canavarlar" 57-ci dəqiqədə tarazlığı bərpa ediblər. Cəmi 3 dəqiqə sonra Brian Kristante 2-ci qolu "Mançester Yunayted"in qapısından keçirib. Lakin meydan sahiblərinin qələbə sevinci 8 dəqiqə çəkib. Kavani özünün və komandasının 2-ci qolunu vuraraq, hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 83-cü dəqiqədə "Roma"nın 19 yaşlı hücumçusu Nikola Zalevski qoyub.
"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Vilyarreal" isə 2 oyunun nəticəsinə əsasən, İngiltərə "Arsenal"ından güclü olub. İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn "sarı sualtı qayıq" Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.
--------------------------------------------
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla da qitənin ikinci dərəcəli klub turnirində finalçılar müəyyənləşəcək.
İngiltərə təmsilçilərindən "Arsenal" İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal"ı bu dəfə Londonda qəbul edəcək. Meydan sahiblərinə mərhələ adlamaq üçün yalnız qələbə lazım olduğu halda, "Qarabağ"la eyni qrupda mübarizə aparmış qonaqları istənilən heç-heçə də qane edəcək. Oyun öncəsi komandaların heyətində zədəli futbolçu yoxdur. Yalnız ilk görüşdə qırmızı vərəqə görən "Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu cəzalı olduğu üçün görüşü buraxacaq.
Yarımfinalın digər oyununda isə İngiltərənin "Mançester Yunayted" komandası İtaliyada "Roma"nın qonağı olacaq. Evdəki qarşılaşmada rəqibinə 6:2 hesabı ilə qalib gələn "qırmızı şeytanlar" finala vəsiqənin taleyini demək olar ki, həll ediblər.
UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2
Qollar: Edin Ceko, 57, Brian Kristante, 60, Nikola Zalevski, 83 - Edinson Kavani, 39; 68
İlk oyun - 2:6
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.