Türkiyə Super Liqasında XXXXI turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionatın liderlərindən "Beşiktaş" evdə "Fatih Karagümrük" komandasına 1:2 hesabı ilə uduzub. Hesabı 39-cu dəqiqədə Andrea Bertolaççi açıb. 54-cü dəqiqədə Rəşid Gezzal meydan sahiblərinin bərabərlik qolunu vurub. 77-ci dəqiqədə Ervin Zukanoviç qırmızı vərəqə alıb. Lakin qonaqlar qələbə topunu məhz 10 futbolçu ilə qaldıqları vaxt vurublar. 81-ci dəqiqədə Fabio Borini yekun nəticəni müəyyənləşdirib.
"Fənərbağça" da eyni hesablı məğlubiyyətə düçar olub. Emre Belözoğlunun baş məşqçi olduğu kollektiv öz meydanında "Sivasspor"a yenilib. Qonaqların qollarını 45+1-ci dəqiqədə Olarenvacu Kayode və 48-ci dəqiqədə Hakan Arslan vurub. Meydan sahiblərindən isə 90+3-cü dəqiqədə Papiss Sisse fərqlənib.
Əvəzində "Qalatasaray" səfərdə "Denizlispor"u darmadağın edib - 4:1. "Sarı-qırmızılar"ın qollarını 22-ci dəqiqədə Halil Dervişoğlu, 35-ci dəqiqədə penaltidən Rayan Babel, 86-cı dəqiqədə penaltidən və 88-ci dəqiqədə Mustafa Muhammed vurub. "Xoruzlar"dan isə 62-ci dəqiqədə Recep Niyaz fərqlənib. "Cim-Bom"un daha bir penaltisini 42-ci dəqiqədə Emre Akbaba boşa verib. 85-ci dəqiqədə Uqo Rodalyeqo qırmızı vərəqə alaraq, "Denizlispor"u azlıqda qoyub.
Məğlubiyyətə rəğmən, 81 xala malik "Beşiktaş" eyni xalı olan "Qalatasaray"ı topların nisbətində üstələyərək, liderliyini qoruyub. "Qartallar" çempion olmaqdan ötrü son turda həm "Göztəpə"ni səfərdə məğlub etməli, həm də topların fərqində "aslanlar"ın evdə "Yeni "Malatyaspor"la görüşdən sonra irəli keçməməsini gözləməlidir. Hazırda "Beşiktaş"da top fərqi 44, "Qalatasaray"da isə 42-dir. Bu komandaların hər ikisi uduzsa, "Fənərbağça" səfərdə "Kayserispor"u yenərək, çempion ola bilər.
Digər tərəfdən, "Denizlispor", "Erzurumspor" və "Ankaragücü" son turun nəticələrindən asılı olmayaraq, Superliqa ilə vidalaşıb.